Məlum transfer qadağasından sonra yay “transfer pəncərəsi”ndə heyətə qatdığı futbolçuları göndərən “Xəzər Lənkəran”da klubdan ayrılan son oyunçu Pavel Kapsa olub. Futbolinfo.az xəbər verir ki, vətəninə yollanan qapıçı klublar müqaviləsini pozub. 
Bu barədə futbolçu özü saytımıza məlumat verib: “Xəzər Lənkəran”la müqaviləmi pozdum. Artıq bu komandadan nəsə gözləmirəm. Çünki vəziyyət pisdir. Klubun çoxlu borcları var. Ümid edirdim ki, vəziyyət yaxşı olacaq. Amma işıq görünmür. Mən bu komandada oynamağı çox istərdim. Lakin pulsuz oynamaq mümkün deyil. Pul yoxdursa, orda qalmaq da olmaz. Heç kim maaş almır. Mən 2000 km vətənimdən aralı ailəmlə burda yaşaya bilmərəm. Pul olmadan mümkün deyil. Ona görə də ayrıldım”.
Kapsa “Xəzər Lənkəran”ın ona 2 aylıq borcunun olduğunu bildirib. Əgər klub həmin pulu ödəməsə, FİFA-ya şikayət edəcəyini qeyd edib: “Klubun mənə borcu var. İki ay düşərgədə olmuşam və rəsmi müqaviləm olub. Əgər onlar pulumu verməsələr, FİFA-ya şikayət edəcəm. Vaxt vermişəm və mənə borclarını həmin vaxta qədər ödəməlidirlər”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp