“Trabzonspor” Türkiyə yığmasına dəvət almayan futbolçularının millimizdə oynamasına etiraz etməyib. Futbolinfo.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov “bordo-mavililər”in Gənclərin İnkişafı üzrə Texniki direktoru Sədi Təkəlioğlu ilə danışıq apararaq, 17 yaşlı Doğukan Öksüz və Murat Cem Akpınarın ölkəmizi təmsil etməsinə dair razılıq əldə edib.
Təkəlioğlunun cəmi bircə cümləsi “XXI əsrin Azərbaycan innovasiyası”na dolğun cavab verir: “Uzun illərdi futbolun içindəyəm. İlk dəfədi belə bir təkliflə rastlaşıram”. Nəinki “Trabzonspor” rəsmisi, ümumiyyətlə, dünyada bu cür təklifin edilməsi qeyri-ciddi sayılır. 
Gəlin ilk növbədə “mənəvi kodekslər”i nəzərdən keçirək. “Milli komanda” söz birləşməsi həm qürurverici, həm də məsuliyyətli ifadədi. Mənim millimin adı da hər kəsə bəllidi – Azərbaycan.  Yox, əgər bu ölkənin şərəfini başqa, lap elə qardaş ölkənin 3-cü sort futbolçuları qoruyacaqsa, gəlin Azərbaycan adını futbol xəritəsindən silək və Türkiyə-2 qoyaq. Yaraşır? Qaradəniz təmsilçisinin hansısa futbol funksionerinin ölkəmizi, yığmamızı məsxərəyə qoymaq haqqı yoxdu. Amma özümüz buna şərait yaradırıqsa, o da haqq edib bu cür sözlər işlədir! Hələ davam da edib deyir ki, bu 2 futbolçuyla iş bitməyəcək, davamının da olacağını gözləyirik. 
Bəs AFFA-nın hər ilin yekinlarına görə siyahı şəklində təqdim etdiyi 10 minlərlə futbolçuyabənzərlər harda qaldı? Axı həmin top-top oynayanların məşq, təlimlər, qidalanma, səfərlər, rəsmi oyunlar, ekipirovkasına il ərzində milyonlar xərclənir! Ölkə iqtisadiyyatının böhranda olduğu bir vaxtda bu qədər vəsaiti havaya sovurub, sonradan isə Türkiyəyə boylanmağın bir adı var – talan! Daxildəki vəsaiti talan edib, xaricdən oyunçu transfer edirik. Özü də söhbət klubdan getmir ha, Təkəlioğlu demişkən, dünyada analoqu olmayan milliylə bağlı təklifdən gedir!
Bir neçə kəlmə də “rəsmi kodekslər”dən. Milli komandanın şərəfini qorumaq üçün ya həqiqətən bu ölkənin vətəndaşı olmalısan, ya da 5 il ölkə çempionatında çıxış etməlisən. Məsələn, hücumçu sarıdan zülüm çəkən yığmamızda Reynaldonun oynamaması məhz Azərbaycanda 5 ildən az müddət top qovması ilə əlaqədardı. Ancaq tərəzinin gözünə qoyduqda, braziliyalı qoleadorun ölkə futboluna verdiyi xeyri indiyədək türkəsilli futbolçuların cəminin vermədiyini iddia edə bilərik. Yenə kiminsə geydirmə ulubababsının xalası nəvəsinin gəlininin yengəsinin Azərbaycana bağlığılını tapıb, sübut edəcəklər ki, azərbaycanlıdılar. Amma Təkəlioğlunun açıqlamasından da göründüyü kimi, əvvəlcə futbolçu bəyəniləcək, sonradan “azərbaycanlı çıxarılacaq”. Necə ki, “Trabzonspor”un bu iki gəncini əvvəlcə bəyəniblər, sonra qohumlarını “tapıblar”. 
Yekunlaşdıraq. Bizim iki yolumuz var. Ya yatırılan sərmayə qarşılığında, bunun dividendlərini götürək, ya da 20-25 il öncəki vəziyyətə qayıdaq. Qoy futbolda pul olmasın, ətalət qanununa uyğun da davam etsin. Nə çıxar-çıxar. Amma Türkiyə-2 yığması bu məmləkətə yaraşmır. Axı sərhədləri, bayrağı, himni olan ölkənin şərəfini bu torpağın yetişdirdiyi oğlanlar qorumalıdı. Əks halda Qarabağ savaşı başlayanda da səngərlərə “Trabzonspor” yetirmələrini dəvət edəcəyik.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp