Azərbaycan I Divizionunun X turunun görüşlərindən biri baş tutmaya bilər. Futbolinfo.az xəbər verir ki, Zaqatala İdman Kompleksinin işıqları kəsilməsi səbəbindən “Zaqatala” – “Neftçala” matçı keçirilməyə bilər.
Əldə etdiyimiz informasiyaya görə, bu, ötən mövsüm Premyer Liqada iştirak etmiş və sonra tarixin yaddaşına köçən Zaqatalanın digər təmsilçisi “Simurq”un qalan borcu səbəbindən baş verib.
İşığın kəsilməsi kompleksi iflic vəziyyətinə salıb. Çünki duş kabinaları da dərhal yararsız vəziyyətə düşüb. İsti suyun yoxluğu ilə yanaşı, kombi sisteminin də işləməməsi otaqların istiliklə təmin edilməməsini şərtləndirib. Nəticədə, kompleksin binasında məskunlaşa “Zaqatala”nın başqa şəhərlərindən olan futbolçuları da əlacsız duruma düşüb.
Eyni zamanda matçöncəsi məşqin keçirilməsi də mümkünsüzdü. Belədə, “Neftçala”nın futbolçuları da duşla təmin edilmədikləri üçün oyunöncəsi məşqə çıxa bilməyəcəklər. Oyundan isə ümumiyyətlə, danışmağa dəyməz. Deyək ki, oyunu gündüz vaxtında keçirib, projektor məsələsini ört-basdır etmək mümkündü. Bəs isti su? 
Göründüyü kimi, “Simurq”dan qalan “miras” problemi yaxın vaxtda həll edilməsə, noyabrın 20-də keçirilməli olan “Zaqatala” – “Neftçala” matçı baş tutmaya bilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp