Həqiqəti hər zaman, hər yerdə demək gərəkdi. Sa Bun Çu da daim bunun keşiyində durub və son nəfəsinədək dayanacaq. Günümüzü zəbt edən mövzu Xaqani Məmmədovun 15 il əvvəl “15 dənə” məsələsidi. Kimisi deyir montajdı, kimisi deyir “mandraj”dı. Bu “zad”a konkretlik gətirmək lazımdı ki, ünlü ədalət təmsilçisinə şər, böhtan atılmasın.
İlk olaraq, gəlin “Buratino” filmini yada salaq. Tülkü və pişik obrazının ifaçılarının 5 qızılı böldüyü anı deyirəm. Tülkü sadə şəkildə pişiyi inandırır ki, beşin ikiyə bölünməsi mümkünsüzdü.  İndi birlikdə gəlin xatırlayaq. Ortada 15 min söhbəti gedir. Xaqani Məmmədov qarşılaşmanın 4-cü hakimidi. Aha! Deməli, 15 min 4 adam arasında bölünməli idi. 15 dördə bölünmür axı! Bu da sübut edir ki, Hakimlər Komitəsinin sədri şərlənir. Bu qədər sadə.
Deməli, təxribatdı. Deməli, Xaqani Məmmədovun pak adını ləkələmək üçün montaja əl atıblar. Özü də hətta xorvatiyalı şərhçilərin səsi də təmiz montajdı. Azərbaycanlı işbazların xorvat ləhcəsi ilə şərhçilərin səsiylə hakimlərimizin nələrisə müzakirə etdiyini söylədikləri anlar da montajdı! 
Sivil futbol ölkəsində bu cür hadisədən sonra mütləq cinayət işi açılardı. Ancaq Sa Bun Çunu narahat edən məqam heç də Məmmədovun cəzalandırılıb-cəzalandırılmaması deyil. Sadəcə, "Youtube" kanalında bu video yerləşdirilibsə, deməli, növbəti addımı da hesablamaq çətin deyil. Videoyla bağlı AFFA müvafiq qərar verməsə, “məktub” UEFA-ya göndəriləcək. 
Azərbaycandan fərqli olaraq, Avropanın ali futbol qurumunun çətin ki, əlinin altında müasir texnologiyalar olsun. Amma necəsə bu videogörüntünün montaj olub-olmamasına aydınlıq gətirəcəklər. Sizi bilmirəm, amma mən – Sa Bun Çu Xaqani Məmmədovun şəffaf çalışdığına zərrə qədər şübhə etmirəm. Elə “Turan” – “İnter” qarşılaşmasından sonra məşhur “qatar əhvalatı”nı xatırlasaq, ölkə futbolunun hakimliyinin necə etibarlı əllərdə olduğuna heç kimdə şübhə yeri qalmaz. Hələ bu, rəsmən üzə çıxan hadisədi. Kölgədə qalan, onlarla, bəlkə də yüzlərlə əhvalat mediaya sızmayıb, sızdırılmayıb.
Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycan futbolunda yenə də ədalətli qərar zəfər çalacaq. Necə ki, ötən mövsüm 1-ci divizionda “Bakılı” – “Göyəzən” qarşılaşmasının ilk yarısından sonra Qazax təmsilçisinin 1:0 üstün olacağını, yekun nəticənin isə 2:1 meydan sahiblərinin xeyrinə bitəcəyini futbolinfo.az saytı matçın start fiti səslənməmişdən öncə yazdı və AFFA dərhal səbəbkarları “qılıncladı”. Optimist olun, cənablar, Sa Bun Çu kimi!
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp