Zaqatala İdman Kompleksində dünəndən bəri işıqların kəsilməsi şəhərin eyniadlı klubunun vəziyyətini acınacaqlı duruma salıb. Bu barədə dünənki yazımızda məsələ barədə məlumat vermişdik. “Zaqatala”nın prezidenti Musa Qurbanov futbolinfo.az saytına verdiyi müsahibədə vəziyyətin olduqca ağır olduğunu söyləməklə yanaşı, qısa zamanda müsbət həllinə ümid etdiyini gizlətmədi:
– Kompleksin işığının kəsilməsindən sonra vəziyyəti necə dəyərləndirirsiniz?
– Bir sözlə desəm, kritik.
– Borc nə qədərdi?
– 15 min manata yaxın borc yığılıb. Bu da “Simurq”dan qalan borcdu. Kompleksin rəhbərliyi ilə razılaşmışdıq ki, müəyyən məbləğdə icarə haqqı ödəyək və onlar da hissə-hissə 15 mini bağlasınlar. Görünür çatdıra bilməyiblər.
– Kompleksdə yaşayan qeyri-zaqatalalı futbolçularınızın durumu nə yerdədi?
– İşığın kəsilməsi onlara də təsirsiz ötüşməyib. Çünki kombi qızdırıcıları da işıqsız işləmir. Kompleksdə soyuqdan yaşamaq mümkünsüzdü. Bu səbəbdən futbolçuları müvəqqəti olaraq, evlərdə yerləşdirmişik.
– Deyək ki, oyunçularınızı yerləşdirə bildiniz. Bəs “Neftçala” ilə çempionat oyunundan sonra qonaqların isti suyla təmin olunması məsələsini necə yoluna qoya biləcəksiniz?
– Kompleksin digər xətdən gələn işığı fəaliyyət göstərir. Həmin xətt ərazidəki hamamın normal fəaliyyət göstərməsini təmin edir.
– Ancaq razılaşın ki, bu vəziyyət çox davam edə bilməz…
– Əlbəttə! Əlimizdən gələni edirik ki, Kompleksin ərazisində işıq problemi aradan qalxsın. Əgər kəsinti Zaqatalanın İşıq İdarəsi tərəfindən həyata keçirilsəydi, indiyə kimi, həll edə bilərdik. Ancaq əmr Bakıdan gəlib. Bütün lazımi instansiyaları, o cümlədən İcra Hakimiyyətini məsələdən xəbərdar etmişik. Hazırda danışıqlar gedir ki, qalıq borcun bir hissəsini ödəyək, işığı versinlər. Sonra hissə-hissə qalan borcu bağlayaq. İnanıram ki, “Neftçala” ilə matçadək işıq problemi həllini tapacaq.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp