Ötən gün "Xəzər Lənkəran"ı tərk edən müdafiəçi Rasim Ramaldanovun futbolinfo.az saytına müsahibəsi:
– “Xəzər Lənkəran”dan ayrılmanın səbəbi nədi? 
– Maaşımı vermədilər. Bu vəziyyətdə dözmək çətin idi.
– Son oyundan sonra Yunis Hüseynov mətbuat konfransında bildirmişdi ki, bizdə maliyyə problemi yoxdur, 2 gün sonra maaş alacağıq…
– Hər gün eyni şeyi deyirdilər. Sabah verəcəyik, biri gün verəcəyik. Sonuncu dəfə dedilər ki, pul yoxdur.
– Bəs, baş məşqçi bunu niyə etiraf etmir?
– Mən bilmirəm ki, kim nə deyir? Amma mən pul görməmişəm. Səbəb olmasa, “Xəzər Lənkəran”ı niyə tərk edim? Bir dəfə dözərəm, iki dəfə dözərəm. Haqqımı tapdalasalar, dözmərəm daha. 
– Rəhbərliklə görüşdün?
– Yox, görüşməmişəm. Gedib sağollaşacam.
– Bəs, almadığın 8 ayın maaşını sonra ala biləcəksən?
– Vermirlər də, qardaş. Deyirlər pul yoxdur. Nə edim?
– Əlini üzmüsən artıq?
– Başqa nə edə bilərəm ki? Üzmüşəm. Müqaviləmi pozub ayrıldım.
– Mövsüm başlayanda sənə daha yaxşı təkliflər var idi. Amma Lənkəran klubunda qaldın. Bildiyimizə görə maaşında güzəştə gedərək, klubda qalmağa razı olmuşdun. 
– Müqavilə bağlamağa gələndə mənə dedilər ki, maaşını azaldırıq. Amma pul vaxtı-vaxtında veriləcək. Əvvəlcə razı deyildim. Sonra "2 il bu klubun çörəyin yemişəm" deyə razılaşdım. Onlara dedim ki, maaşımı gecikdirməyin. Mənim problemlərim var. Gördüm yox, düzəlməyəcək, ayrıldım. 8 ay 1 qəpik ala bilməyəcəm.
– Digər təcrübəli futbolçularla söhbət etdinizmi?
– Onsuz da, onlar da gedəcəklər. Hamı tərk edəcək komandanı. Fərqi nədir ki, son 3 oyunu oynadıq, ya yox. Nə mənası var ki, qalmağın. Allah bilir ki, kim günahkardır, kim yox. Onlara yaxşı şeylər arzulayıram. Pis heç nə arzulamıram. 
– Təkliflər var?
– Bir-iki təklif var. Amma dəqiq heç nə yoxdur. Gözləmək lazımdır.
AĞA
Shares: