“Qarabağ”ın Tofiq Bəhramov adına Respubilka stadionunun qazonunun dəyişdirməsi futbol ictimaiyyəti tərəfindən bir qədər təəccüblə qarşılanıb. Çünki sözügedən arena Ağdam klubuna məxsus deyil. 
Maraq yaranır ki, Azərbaycan Gəncələr və İdman Nazirliyinin (AGİN) balansında olan stadionu niyə məhz “Qarabağ” təmir etdirsin? Məsələni dəqiqləşdirmək üçün sözügedən klubun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq. 
Həmsöhbətimiz məsələyə münasibət bildirərkən ötən ilin yayından başladı: “Avqustda “Yanq Boyz”la oyundan sonra UEFA nümayəndəsi stadiona baxış keçirdi. Rekonstruksiya işləri aparıldıqdan sonra burada oyunların keçirlməsi haqqında razılıq verdi. O vaxt yeni toxum səpildi və yeni ot örtüyü marta kimi davamlı idi. Ümumiyyətlə, stadion “Qarabağ”ın nisbi balansındadı. Klubumuz bu stadionda keçirdiyi oyunlara görə icarə haqqı ödəmir. Hazırda işlər davam edir. Təmiri də özişçilərimiz həyata keçirir”.
Belə olan halda ortaya maraqlı sual çıxır. Əgər hansısa klub oyunlarını sözügedən stadionda keçirmək istəsə, icarə haqqı kimə çatacaq? Çünki stadionun ot örtüyünü “Qarabağ” təmir etdirirsə, infrastruktur AGİN-ə məxsusdu. İbrahimov bu məsələyə də belə aydınlıq gətirib: “Bu məsələlərə iyunda – təmir işləri başa çatdıqdan sonra aydınlıq gələcək”.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp