"Rəvan"ın kapitanı Ramazan Abbasovun futbolinfo.az saytına müsahibəsi:

– Hazırda nə işlə məşğulsan, gələcək aqibətin nə yerdədi?
– Hələ  ki, boşluqdu, istirahət edirəm. Yaxın günlərdə gələcək aqibətim bəlli olacaq. "Rəvan"dan yaxın günlərdə bir söz deyəcəklər. Premyer Liqada oynamaq üçün lisenziya məsələlərini həll etmək üçün işlər görülür. Klubdan məlumat verilib ki, yaxın müddətdə pis və ya yaxşı bir məlumat veriləcək. 

– Ötən il komandanın futbolçulara borcu var idi, onların ödənilməsi ilə bağlı bir yenilik varmı?
– Əvvəlki borcların rəhbərlik tərəfindən yaxın günərdə qaytarılacağı deyilir. Biz də gözləyirik.

– Neçə ayın maaşını almamısan?
– Əsas borclar ötən ildən qalıb. Oktyabr, noyabr və dekabrın məvaciblərini almamışıq. Bu il də yanvardan bəri maaşları almışıq. Yalnız may ayı qalıb. Ümumilikdə 4 ayın maaşını almamışıq. 

– Sənə çatacaq pul verilməyəcəyi təqdirdə nə kimi addım atmaq fikrin var?
– Nə edə bilərəm? Məndə elə bir xüsusiyyət yoxdu ki, kimdənsə şikayət edim. Öz ixtiyarlarına buraxmışam, pulumu versələr də, verməsələr də, canları sağ olsun. Gələn həftə içərisində məsələ həllini tapmalıdı. 

– Yəqin ki, belə olan təqdirdə komandanın hansısa təlim-məşq toplanışından danışmaq yersizdi…
– Düzdü, mən bu komandada olduğum müddətdə indiyə kimi fasilələr zamanı təlim-məşq toplanışı üçün ölkə xaricinə getmişik. Yalnız ötən il Zaqatalada olduq. Yəqin ki, Premyer Liqada qalmaq işini həll etdikdən sonra bu məsələ haqqında da bir şey fikirləşərlər. 

– "Rəvan" Premyer Liqada iştrak etmək üçün lisenziya ala bilməsə, 1-ci dəstədə oynamaq fikrin varmı?
– Karyeram ərzində heç vaxt 1-ci dəstədə çıxış etməmişəm. 1-ci dəstəni aşağılamıram. Amma orada oynamaq istəməzdim. 

ELMAR ABDULLA-ZADƏ

Shares: