Azərbaycanda uşaq futbolu yalnız milli komandalarımız uduzanda yada düşür. Tənqidçilər futbolçu yetişməməsindən, məşqçilər gənclərin ümidi doğrultmasından danışır. Su boğaza çatanda hamının diqqət yetirdiyi bu məqam, əslində, futbolun təməl tələblərindəndi. İş rüsvayçı məğlubiyyətlərə çatana, millidə oyunçu qıtlığı yaşananadək sözügedən sahəyə diqqət yeirilməlidi ki, sonda belə mənzərə ilə rastlaşmayaq.
Əlbəttə, uşaq futbolundakı bir çox problemlərdən danışmaq mümkündü. Lakin diqqət ediləsi məqamlardan biri də psixologiyadı. Təəssüf ki, bizdə nəinki uşaq psixologiyasını, bəzən futbolu belə düz-əməlli bilməyən məşqçilər peyda olur və aşağı yaşlılar üzrə komandalara başçılıq edir. Bəzən məşqçilərin uşaqlardan hədən artıq şey tələb etməsi və bu, baş tutmayanda da onları təhqir etməsi ilə bağlı şikayətlər olur.
Ümumiyyətlə, uşaqlara təhqiramiz şəkildə müraciət hansı fəsadlar doğura bilər? Onlara yaşından böyük iş tapşırmaq gələcək karyeralarına necə təsir edər? Avropa təcrübəsinə nəzər salıb, psixoloqların uşaq futbolu ilə bağlı qeydlərinə baxdıq.
Avropalı uşağı böyük kimi görməz, sadəcə, ona önəm verər. Bu da onun özünü dəyərli birisi kimi anlamasına şərait yaradar. Lakin uşağa böyükmüş kimi davranaraq, ona dəyər verdiklərini hesab edənlər də var. Psixoloqlar isə bunun səhv addım olduğunu qeyd edirlər. Əslində, uşaqlara böyüklərmiş kimi davranaraq onları "sındırırıq". Çünki tələblər artdıqca yüklər də artır. Uşaq ağır yükü qaldıra biməz və buna da cəhd etməməlidirlər.
Psixoloqların yazdığına görə, məşqçilərin bəziləri uşaqlara inkişaf etmiş böyüklər kimi davranırlar. Edə, düşünə və reallaşdıra bilmədikləri üçün onlara əsəbləşir, qışqırırlar. Uşaqlar bu şəkildə dəyərli olduqlarını dərk etməzlər. Ancaq bacarıqsız olduqlarını və gücləri çatmadığını başa düşərlər və heç vaxt potensiallarının fərqinə varmazlar. Əlbəttə ki, belə olan halda onların potensialını üzə çıxarmaq müşkülə çevrilər. Çarəsizlik də elə buradan başlayar və qısa zamanda bu sahədən uzaqlaşmağa çalışarlar. Yaxud da motivasiya oluna bilməzlər və onları bacarıqsız olaraq qələmə verərlər.
Psixoloqlar tövsiyyə edir ki, uşaqlara olduğu kimi yanaşmaq lazımdı. Çünki onlar hər şeyi yanlış və əskik edərək, düzgün və tam şəkildə yerinə yetirməyi vaxtı gələndə bir-bir öyrənəcəklər. Önəmli olan, uşaq da olsalar, onlar üçün nəzərdə tutulmuş qayda və qanunlara tabe olmağı öyrətməkdi. Psixoloqların rəyinə görə, uşaq futbolundakı təlim-tərbiyə futbolla əlaqəli nələrin, necə və daha önəmlisi nə vaxt öyrədiləcəyi və öyrəniləcəyi ilə bağlı bir prosesdi.
Bəzən AFFA-nın təşkil etdiyi uşaq liqalarında 27:0, 20:0, 15:0 kimi böyük hesablı məğlubiyyətlərə rast gəlirik. Təbii ki, bu məqam da uşaqlar üçün sarsıdıcı ola bilər. Bu, həmin vaxt onlara necə davranacağından çox asılıdı. Həmin vaxt onlara qarşı ağır, təhqiredici ifadələr işlətməklə onları futboldan uzaqlaşdıra bilərik. Lakin psixoloqlar belə məqamlarda uşaqlarla həssas davranmaq və onları məğlub psixologiyasından çıxarmağı tövsüyyə edir. İngiltərə Premyer Liqası ilə bağlı hazırlanan sənədli filmdəki bir məqam belə situasiyalar üçün nümunə kimi göstərilir.
Videomaterialda söhbət İngiltərə millisinin üzvü Aleks Oksleyd-Çemberlendən gedir. Hansı ki, 17 yaşında "Sautqempton"un əsas komandasında çıxış edən yarımmüdafiəçi 36 matçda 9 qol vurub və 18 yaşında sözügedən ölkənin nəhəng klublarından olan "Arsenal"a transfer olunub. Aleks 12 yaşında olarkən komandası 0:8 hesabı ilə uduzur. Oyun başa çatandan sonra isə məşqçisi ona belə suallar ünvanlayar: "De görüm, Oksalde, bugünkü oyunda neçə dəfə topa toxundun? Neçə dəqiq ötürmən oldu? Neçə dəfə rəqibdən top aldın?" Yəni burada nə uşaq komandası ilə işləyən məşqçi, nə də futbolçunun diqqət edəsi məsələ matçın hansı hesabla bitməsi deyil, yaxşı və seçilən futbolçu olmaq üçün nələrin edilməsi və edilməməsidi. Hesab edirik ki, uşaq komandaları ilə işləyən məşqçilər üçün çox gözəl nümunədi. Artıq anlaşılmalıdır ki, "qoyun, heyvan, axmaq" deməklə onlardan yaxşı futbolçu yetişdimək olmaz.
ELMAR VƏLİYEV