Dünən MFL-in təşkilatçılığı ilə keçirilən yarışda qrup mərhələsinin 2-ci turunun qarşılaşmaları keçirildi. Yarış iştirakşıları arasında “Səbail” də yer alır.

Bu ad sizi çaşdırmasın. Bu, heç də bu yaxınlarda yaradılan və növbəti mövsümdən 1-ci divizionda çıxış edəcək komanda deyil. Amma hər iki “Səbail”i bir-birinə bağlayan ortaq cəhətlər də var. Belə ki, adıçəkilən komandanın baş məşqçisi Elman Sultanov və klubun İdarə Heyətinin sədri Yusif Həsənov da həvəskarların turnirində futbolçu kimi qüvvəsini sınayır. Elə biz də səbaillilərin rəsmisinin turnirdəki matçlarından öncə vaxt tapıb,onunla söhbətləşmək qərarına gəldik.

– Uşaqlıq illərinizdən çox vaxt keçib. Artıq ikincisi keçirilən bu cür turnirdə cavanlıq illərinizə qayıtdığınızı düşünmək olarmı?
– Peşəkar futbol elədi ki, orada pul, karyera və s. var. Burada isə əsas can rahatlığıdı. Belə turnirlə öz aramızda keçirdiyimiz adi oyunlar arasında stimul fərqi var.

– Siz komanda olaraq, bu yarışa qələbə qazanmağa gəlmisiniz, ya əsas iştirakdı?
– Kimlər üçünsə qələbə, kimlər üçünsə iştirak etmək vacibdi. Biz bura iştirak üçün gəlmişik. İlk 2 oyunumuzda məğlub olmuşuq. Hazırda başımız “Səbail”lə bağlı işlərə qarışıb. Gündüzlər işləyirik, axşam gəlib yorğun halda meydana çıxırıq.

– Oyununuzun başlamasına 2-3 saat qalmasına baxmayaraq, artıq indidən stadiondasınız. Bu, nədən qaynaqlanır?
– İş günü deyil, dincəlirik. Düzdü, başqa yerdə də dincəlmək olardı. Amma burada daha sərfəlidi: futbol, gözəl insanlar, çay…

– Qarşıda 1 mövsümdən ibarət olacaq növbəti turnir keçiriləcək. Həmin yarışda da iştirak etmək fikrindəsiniz?
– Özümüz də iştirak etməsək, çalışacağıq ki, adımızdan bir komandanı çempionata buraxaq.

– Qarşılaşdığınız rəqiblərdən çempionluğa əsas namizəd kimi görürsünüz?
– Ötən turnirin əvvəlindən hamı “Qaradağ Lökbatan”ın çempion olacağını deyirdilər və yekunda belə də oldu. İndi isə proqnoz vermək çətindi. Çünki ötən yarışda 24 komanda var idisə, indi bu say 40-a yüksəlib. Hər qrupda minumum 2 güclü komanda yer alıb. Son ana kimə çempionluğa kimin namizəd olduğunu demək mümkün deyil.

– İştirakçılar arasında divizionda oynayacaq “Səbail”ə namizəd ola biləcək kimsə varmı?
– “Səbail”ə namizəd olsa, demək o, turnirin reqlamentini pozub (gülür).

– Olur ki, bəzi adamlar futbola məhz 23-24 yaşında gəlir. Elə misal kimi hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovu da misal çəkmək olar. O da gec yaşlarında futbolçu karyerasına başlayıb…
– Əvvələr bu cür hallar mümkün idi. İndi çətin belə şeylər olsun.

– Sonda “Səbail” haqqında… Komandanızın növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanması hansı baxımdan qarşınıza məqsəd qoyulub: Lisenziya şərtlərini yerinə yetirərək, ya divizonun qalibi olaraq vəsiqə qazanmaq?
– Bizim əsas məqsədimiz gənc oyunçuları yetişdirməkdi. Milliyə nə qədər çox futbolçu yetişdirsək, ən böyük fəxrimiz məhz bu olacaq. Hələ ki, birinci divizonla bağlı çox şeyə aydınlıq gəlməyib. Bilmək olmaz, Premyer Liqaya 3, ya 4 komanda vəsiqə qazanacaq. Lisezniyaya aid bütün məsələləri həll etməyə çalışcağıq, amma sözsüz, çempionatı qalib kimi başa vurmaq istəyirik.

ELMAR ABDULLA-ZADƏ

Shares: