Futbol üzrə Latviya birinci liqasında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Rezeknes"lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 5:0.
Vüqar bu oyuna start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Orxan isə 71-ci dəqiqədə mübarizəyə qoşulub.
Komandasının bombardiri olan Vüqar bu qələbədə də böyük pay sahibi olub. O, 35, 55, 64 və 85-ci dəqiqələrdə vurduğu qollarla pokerə imza atıb. Beləcə, Əsgərov cari mövsümdə vurduğu qolların sayını 40-a çatdırıb. Həsənəliyev isə indiyə qədər 10 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 59 xal toplayan "Olayne" 15 klub arasında 2-ci pillədə qərarlaşıb.