Ölkə preziedentinin bir neçə gün əvvəlki çıxışından sonra totalizatorların “qara bazarı” ilə mübarizə aparan qurumlar nəhayət ki, aktivləşdi. Həqiqətən də ölkə qanunlarına riayət edilməsini təmin edən təşkilatların bu addımı alqışalayiqdi. Ölkə vətəndaşları onsuz da pul yatırımlarını edirlər. Bunu ölkə daxilində fəaliyyət göstərən “Topaz”da etmək bir çox tərəfdən faydalıdı. Ancaq adını çəkdiyimiz qurumun mənfi tərəfləri də mövcuddu. Gəlin bütün müsbət və mənfi tərəfləri birlikdə izləyək.

Əvvəlcə mənfi tərəflərdən başlayaq. “Topaz”ın təklif etdiyi əmsallar bütün dünya bukmekerlərindən aşağıdı. Elə ölkədə fəaliyyət göstərən “qara bazar” da məhz daha yüksək əmsalları təklif etməklə, oyunçuları cəlb etməyi bacarır.

“Topaz”ın qüsurlarından biri də oyunçulara məhdudiyyət qoymasıdı. Hansısa oyunçu ürəyi istədiyi qarşılaşmaya pul yatırmaq istədikdə, “Topaz”ın şərti ilə üzləşir. Buna “təkli” oyunlar deyilir. “Topaz” burda da pul yatırmaq istəyən oyunçulara məhdudiyyət qoyur. Yəni, hər istədikləri oyuna “stavka” edə bilmirlər. Yalnız şirkətin qeyd etdiyi oyunlara pul yatırmaq mümkündü.

İnsanlara nə qədər məhdudiyyət qoyursan-qoy, bütün hallarda alternativ, daha sərfəli variantlar axtaracaqlar. Bu səbəbdən də sıxmaq yox, daha sərfəli təkliflər paketi irəli sürmək gərəkdi ki, oyunçular pulları ölkə daxilində fəaliyyət göstərən bukmeker kontoruna yatırmaqda maraqlı olsunlar.

“Topaz”ın oyunçulara təklif etdiyi müsbət tərəflərə gəlincə, burada ilk növbədə uduşların rahat alınmasını qeyd edə bilərik. Ancaq bu da hansısa əlahiddə xidmət deyil. Sadəcə, dövlət səviyyəsində icazə verildiyi üçün bu cür rahatlığı müştərilərinə təklif edə bilirlər.

Daha bir məqam “Topaz”ın əldə etdiyi gəlirin müəyyən hissəsinin idmanın inkişafı üçün yönləndirməsindən gedir. Əlbəttə ki, bu, futbolla yanaşı, digər idman növlərinin inkişafı baxımından da olduqca lazımlıdı. Elə dövlətə ödənilən vergi də müsbət çalarlar sırasındadı.

Bəs, “Topaz” hansı addımları atmalıdı ki, oyunçular xarici bukmekerlərə tərəf boylanmasınlar? Bir sıra təkliflərimiz var ki, bunları həyata keçirəcəkləri təqdirdə, rahat-rahat dövriyyələrini artıra bilərlər.

Əvvəla, əmsallar xarici bukmeker kontorlarına uyğunlaşmalıdı. Cüzi fərq olsa, buna fikir verən olmayacaq. İndiki vəziyyətdə isə əmsallar arasında ciddi uçurum var. “Topaz” daha çox rəqabətədavamlı kompaniya obrazı yox, təzyiqlə oyunçuları qanadı altına tolayana bənzəyir. 

İkinci məqam təkli oyunlarla bağlıdı. “Topaz” bu məhdudiyyətə son qoymalıdı. İstənilən oyunçu istədiyi oyuna pul yatırmaq hüququna sahib olmalıdı. Özü də kompaniya belədə, hansısa zərərə getməyə bilər. Bunun üçün çox sadə yollar var.

Bunun ən rahat yolu “bağlama”dı. Yəni, “Topaz” hansısa sanballı beynəlxalq bukmeker kontorunda qeydiyyatdan keçir və təkli oyunlar qəbul edildikcən, eyni məbləği həmin kontora yatırır. Belədə, oyunçular üçün də geniş seçim imkanı yaradılır, dövriyyə də artır, gəlir də. Gəlirin artmasıyla bağlı isə yuxarıda qeyd aparmışdıq. Bunu sadə misalla da göstərə bilərik. Məsələn, Avropanın hansısa bukmeker kontoru meydan sahibinin qələbəsinə 1,90 əmsalı verir. “Topaz” həmin oyuna 1,83 əmsalı verə bilər. Belədə, təqribən 0,02 əmsal köçürmələrdə itəcək, 5 faiz isə “Topaz”ın gəlirini təşkil edəcək.

Qeyd etdiyimiz məqamla yanaşı, “Topaz” PR aksiyaları da təşkil edə bilər. Hər həftə, yaxud ayda bir dəfə uduzmuş kuponların sahibləri üçün uduşlu lotereya keçirmək də oyunçuların əlavə marağına səbəb olar. Bütün hallarda, “Topaz” ölkə vətəndaşlarının pul yatırımı etdiyi yeganə kontor olmalıdı. Sadəcə, bunun üçün münbit şərait yaratmağı da unutmamalıdı. 

CEYHUN ƏLİYEV

Shares: