Dünən işdən çıxıb, vaxtımı səmərəli və asudə keçirmək məqsədi ilə Bakı Olimpiya Stadionuna yollandım. Sözügedən məkana baş çəkməyim heç də səbəbsiz deyil. Axı, burada həftənin müəyyən günləri axşamlar MFL-in təşkil etdiyi həvəskar komandaların mini futbol turniri keçirilir. Adətən böyük futbola maraq salıb, stadionlara getsəm də, bu dəfə fərqlilik etmək qərarına gəldim. Açığı seçimimdə də yanılmadım. 

Seçimim isə “Vur Komandir”lə “Real Baku” arasında baş tutan matçın üzərində dayandı. “A” Konferensiyasında turnir cədvəlininin alt pillələrində qərarlaşan komandaların duelinə kənardan baxanlar adıçəkilənlərin autsayder mövqeyində yer almasına bəlkə də inanmazdılar. Çünki meydanda elə gərgin mübarizə gedirdi ki, sözügedən komandaların bu tura kimi qələbəsiz qalmasına heç kim inanmazdı. 

Texnikası ilə seçilən oyunçuların bir-biri ilə meydanda anlaşması da yaxşı səviyyədə idi. Amma buna baxmayaraq, ilk yarıda qolu bir xeyli gözləmək lazım gəldi. Hesabı isə “Vur Komandir” açdı. Qoldan sonra qarşılaşma bir neçə dəqiqəlik dayandı. Səbəb isə “Real Baku” komandasının məşqçisinin rəqibin heyətində olanların futzal üzrə Azərbaycan çempionatının birinci divizionunda çıxış edən bir neçə oyunçu ilə güclənməsini iddia etməsi oldu. Amma təşkilatçılar meydanda olanların heç birinin AFFA-nın sistemində adını olmadığını bildirdi. Buna baxmayaraq, oyundan sonra “Real Baku”nun hansısa şikayəti varsa rəsmi müraciət etmək imkanlarının da olduğu deyildi. Elə bundan sonra tərəflər meydanda mübarizəni davam etdirdi. Amma fasiləyə kimi hesab dəyişmədi.

İkinci yarı isə 1-ci hissədən daha maraqlı keçdi. Əvvəlcə “Real Baku” hesabı bərabərləşdi. Amma “Vur Komandir” adına uyğun olaraq 2 dəqiqə sonra birini də vurdu – 2:1. Qarşılıqlı qolların ardından komandalar yenidən “sükut”a keçdi. Amma “Vur Komandir”in oyunçusunun mərkəz xəttinə yaxın yerdə qaydanı pozması onlara baha başa gəldi. Məhz təyin edilən cərimə zərbəsindən sonra hesabda yenidən tarazlıq bərpa olundu. 

Bu da matçda son qol olmadı. Belə ki, oyunun sonlarına yaxın “Vur Komandir” 3-cü dəfə adına layiq oyun sərgilədi və bununla ilk 3 xalını qazandı. Qazandımı? Bunu isə yaxın günlərdə biləcəyik. Çünki yuxarıda qeyd olunan səbəbdən onlara texniki məğlubiyyət də verilə bilər.

ELMAR ABDULLA-ZADƏ

Shares: