Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Sent-Etyen”i qəbul edən “Qəbələ” bu dəfə xal üzünə həsrət qaldı. Roman Qriqorçukun yetirmələri qrupdakı ikinci ev oyununda da hesabda irəli çıxdıqdan sonra qapılarında 2 qol gördülər. Fərq isə bundadı ki, “qırmızı-qaralar” “Maynts”la oyunda 0:1 hesabını 2:1-ə çevirdikdən sonra 2:3 yenilmişdilər, bu dəfə isə 1:0-dan 1:2-yə doğru getdilər.

Ukraynalı mütəxəssisin start heyətini tapmaq elə də çətin görünmürdü. Lakin Qriqorçuk zədədən yenicə dönmüş Nika Kvekveskirini ehtiyatda saxlamaq qərarına gəlmişdi. Əvəzində Rəşad Eyubov start heyətində yer almışdı.

Fransızlar ilk dəqiqələrdən Bakıya 3 xal arxasınca gəldiklərini ortaya qoydular. Artıq ilk 5 dəqiqədə Dmitri Bezotosnı 2 dəfə məharətini nümayiş etdirməli oldu. Qonaqların 15 dəqiqəlik aramsız hücumları tədricən səngidi. Ancaq hər xırda epizodda fransızların daha iti düşüncəyə sahib olmalarını ortaya qoyurdu. “Qəbələ”nin əsas kozırı əzmkarlıq idi ki, bunu da futbolçularımız artıqlaması ilə yerinə yetirirdilər. 

Kristof Qaltyenin komandamızı yaxşı təhlil etməsi də “Sent-Etyen”in işinə yarayırdı. Təmsilçimizin heyətində ən təhlükəli silah Filip Ozobiç bu axşam “ofsayd”da idi. “Qəbələ”yə yeni transfer olunduğu dövrdə ünvanına diferamblar oxunan Teo Uiks də kölgəyə çəkilmişdi. Bu da başadüşüləndi. Rəqiblərin səviyyəsi artdıqca, Uiksin onlarla ayaqlaşa bilməməsi daha qabarıq şəkildə özünü göstərir.

“Qəbələ”nin sıralarında ən yaxşı adına isə yəqin ki, Ruslan Qurbanovu layiq görmək olar. Ümumiyyətlə, “qırmızı-qara” rəngə boyandıqdan sonra milli futbolçu xeyli artırıb. Bu gecə də Qurbanov Stafan Rufyeni təzyiq altında saxlamağı bacarırdı. Ancaq topa nəzarət aşkar şəkildə qonaqların tərəfində qalmaqda idi. 

Hissənin son dəqiqələri isə gözlənilmədən məhsuldar alındı. Əvvəlcə Rəşad Eyyubovun cərimə zərbəsindən sonra qayıdan top uğrunda Ruslan Qurbanov mübarizə apardı və nəticədə topun Voislav Stankoviçin qarşısına düşməsinə imkan yaratdı. Müdafiəçinin zərbəsindən sonra top qonaq futbolçulara dəyib qapı tirinə tuş gəldi. Ancaq qayıdan topun keçiyində dayanan Ruslan Qurbanov meydan sahiblərini hesabda önə çıxardı.

Artıq hamı fasilə əhval-ruhiyyəsində olduğu an isə səhnəyə Dmitri Bezotosnı çıxdı… antiqəhrəman libasında. Ussama Tannanın 33 metrdən endirdiyi cərimə zərbəsi ukraynalı kiper üstünə gəlsə də, o, gözlənilmədən topu əlləri arasından buraxdı.

Bu hədiyyə fransızların fasilədən sonra da həvəslə hücumlar təşkil etməsini şərtlənirdi. Ancaq komandamız inadkarlıqla turnirdə ilk xalını qazanmağa cəhd göstərirdi. Lakin bu dəfə Rəşad Sadiqov qonaqların dadına çatdı. Kapitanın hədiyyəsindən sonra Robert Beriç “qırmızı-qaralar”ın qapısından 2-ci qolu keçirdi.

Bəli, qarşıda hələ 37 dəqiqə qalırdı. Ancaq qüvvələrin nisbətini real dəyərləndirmək lazımdı. “Sent-Etyen” dişimizə görə rəqib deyil. Qriqorçuk da bunu dünənki mətbuat konfransında etiraf etmişdi. Bəli, “Qəbələ” bərabərlik qolu üçün səylərini göstərdi. Ancaq fransızlara qələbə hesabını qorumaq çətin olmadı. Final fiti “Qəbələ”nin ardıcıl 4-cü oyunda da məğlubiyyətini rəsmiləşdirdi. Lakin komanda yalnız alqışlara layiqdi. Bu il də azərbaycanlı azarkeşlərin evinə Avropa Liqasının qrupunu gətirdiyinə görə.

CEYHUN ƏLİYEV

Shares: