"Qarabağ" – "Qəbələ" oyunu bitdi, tarixə qovuşdu. Düzdü, izi qalacaq, amma bu matç haqda danışarkən dünənə boylanmalı olacağıq.
 
Əsəblər kükrədi, üsyana çevrildi. Hələlik emosiyalar səngiməyib, amma böyük ölçüdə "Qəbələ"nin istəyinə çatdığını deyə bilərik. Elə bir ajiotaj yarandı ki, hamı "qırmızı-qaralar"ın hakin səhvi üzündən uduzduğunu bildi. Kimisi "hakim səhvi", kimisi "qərəz", kimisi "tapşırıq" dedi.
 
"Qarabağ" kiminsə günahı üzündən suçu olmaya-olmaya qınandı, çirkin işlərdə adı hallandı. Bəlkə də kimlərsə həqiqətən də "Qəbələ"yə qarşı qərəzli idi, lakin bunun məhz ağdamlılarla – ölkənin bir nömrəli komandasıyla görüşdə reallaşması etiraz dalğasının gücünü artırdı.
 
Ona qalsa, "Neftçi" – "İnter" oyununda qonaqlara, AZAL – "Neftçi" matçında meydan sahiblərinə qarşı daha kobud səhvlər var idi. Elə "Qəbələ" – "Sumqayıt" oyununda da meydan sahibləri hesabı ofsayddan açmışdı. Lakin o oyunlar deyil, məhz "Qarabağ" – "Qəbələ" görüşünün belə səs-küylü olmasının səbəbi haqsızlığa uğrayanların gücündə idi. "Qəbələ" əzələ nümayiş etdirdi, yaxşı təbliğat işi qurdu və günahkarları ifşa etdi. Hakim də ilk səhvdən sonra özünü itirdi, nöqsanları sıraladı, narazılığın böyük olması üçün zəmin hazırladı.
 
Lakin bütün bu təlatümlərin içində diqqətdən qaçan bəzi məqamlar da oldu. Xüsusilə də AFFA İntizam Komitəsinin qərarlarında bu, özünü daha qabarıq göstərdi. Qurum faktiki "Qəbələ"nin şiddətli narazılığı qarşılığında tələb etdikləri hər şeyi həyata keçirdi, bu komandanın günahlarına isə göz yumdu.
 
Bu, bəlkə də səhvin etirafı idi, ancaq səhvi səhlə düzəltmək olmaz. Hakimlər Komitəsinin sədri çıxıb, üzr istəmədi, əvəzində İntizam Komitsi qərarları ilə bundan betərini etdi.
 
Oyunda başverənlər hamının yadındadı. Amma mənə maraqlıdı: nəyə görə İntizam Komitəsi Rəşad Sadiqova cəza verməyə cəsarət etmədi? Coşqun Diniyevə videotəkrara görə 2 oyunluq cəza verən qurum necə oldu ki, Rəşadın Şahruddin Məhəmmədəliyevi sillələdiyini görmədi? Həm də Sadiqov oyunsonrası açıqlamasında özü bunu etiraf etmişdi.
 
Oyunun gedişində – ikinci qoldan sonra "Qəbələ"nin bütün rəsmiləri qazonu ayaqlayırdı. Nə üçün onlara heç bir cəza kəsilmədi? Hakimi üzbəüz söyən rəsmilər, hakimi əl çalıb alqışlayan ehtiyat oyunçular niyə diskvalifikasiya olunmadı? AFFA-nı, PFL-i açıq şəkildə tənqid edən, onları "Qarabağ"a işləməkdə suçlayan şəxslər haqda da ölçü götürülmədi. İttihamlar haqlı idi, yoxsa sadəcə, cəsarətləri çatmadı?
 
"Azersun Arena"nın foyesində hakimlərə hücum edildi. Bunu nə AFFA nümayəndəsinin raportunda gördük, nə də Rəhim Həsənov səhvinin utancından protokolda qeyd etməmişdi. Briqadanı hər cür söyüşə qərq edən "Qəbələ" nümayəndələri niyə cəzasız qaldı? Vitse-prezident Fariz Nəcəfovun dostu olduğu deyilən, adını dəqiqləşdirə bilmədiyimiz dostumuzla bağlı da ölçü götürülməliydi. Axı, kluba aidiyyatı olmayan bu şəxsin orada nə işi var idi? Ona kim haqq vermişdi ki, hakimlərin ailə üzvlərini o şəkildə təhqir etsin?
 
İntizam Komitəsinin bütün bunları etməyə cəsarəti çatmadı, çünki "Qəbələ" haqlı idi. Lakin günahları yumaq üçün növbəti səhvləri etmək çıxış yolu deyil. Belə çıxır ki, "qırmızı-qaralar"ı ovutmaq üçün növbəti turun "Kəpəz"lə oyununda onlara meydanda da güzəşt ediləcək?
 
"Qəbələ" hakimdən narazı qalmaqda tamamilə haqlıdı, lakin bu, İntizam Komitəsinə onların əməllərinə göz yummağa haqq vermir. Belə loyallıq sabah kiminsə döyülməsinə də səbəb olacaq.
 
FƏRİD
Shares: