“Səbail” 1-ci divizionda çempionluq uğrunda mübarizəyə hazırdı”. Bu sözləri futbolinfo.az saytına verdiyi müsahibədə paytaxt klubunun baş məşqçisi Elman Sultanov söylədi.
Mütəxəssis Türkiyə toplanışından ağız dolusu danışaraq, komandasının bundan xeyli fayda görəcəyinə əminliyini bildirdi: “Klub rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bir çox Premyer Liqa klublarının ölkə xaricinə yollana bilmədiyi bir dönəmdə komandamıza ideal şərait yaradıldı. Hər şey ən yüksək səviyyədə idi. Toplanış zamanı da nə istədiksə, bizim üçün hər şey edildi. İndi bunun qarşılığını verməyin zamanıdı”.
Qış fasiləsində “Səbail” rənglərinə 10 futbolçu qatdı. Yenilənmiş heyət üçün cəmi 3 yoxlama görüşü çox az deyilmi? Sultanovun qənaətinə görə, bu, komandasına ciddi problem yaşatmayacaq: “Bəli, heyətə xeyli sayda futbolçu qatmışıq. Müxtəlif rotasiyalara əl atdıq. Yoxlama oyunlarında nəticə arxa planda idi. Qarşımıza üz-üzə gəldiyimiz bütün rəqibləri məğlub etmək vəzifəsi qoysaydıq, bunun öhdəsindən gələrdik. Ancaq biz ideal heyətin formalaşması barədə düşünürdük. Bir sıra oyunçuları müxtəlif mövqelərdə sınadım. İdeal start heyətini müəyyənləşdirmək üçün hər bir futbolçuya kifayət qədər şans verildi. Eyni zamanda, biz komandadaxili oyunlar da təşkil etdik ki, müxtəlif sxemləri nəzərdən keçirə bilək. Elə bir oyun olmadı ki, limiti nəzərə almayım. Bütün qarşılaşmalarda 5 gənc futbolçuya şans verirdim. Nə gizlədim, istədiklərim tam həyata keçdi”.
Maraqlıdı ki, qış fasiləsi dönəmində “Səbail” heyətinə 2 qapıçı – Emil Balayev və Rəşad Əzizlini qatdı. Baş məşqçi üçün “1 nömrə” kim olacaq? Sabiq müdafiəçi bu suala diplomatik cavabla kifayətləndi: “Bunu hələ müəyyənləşdirməmişəm. Kim güclüdürsə, kim daha layiqdirsə, çərçivə də ona etibar olunacaq. Qarşıda hələ 2 günümüz var. İnanın, heç “Mil-Muğan”la görüşdə qapımızı kimin qoruyacağına dair də qəti qərar verməmişəm. Ancaq hər iki əlcək sahibi ilə bu barədə söhbətim olub. Onların hər ikisinə güvənirəm və hər biri dövrə ərzində yetərincə şans qazanacaq”.
Heyətinə yetərincə oyunçu qatan, təlim-məşq toplanışına ölkə xaricinə yollanan komandanın iştahı da buna münasib olmalıdı. Bəs, baş məqşçi bu barədə nə düşünür? Sultanov da iştahlı olduğunu gizlətmədi: “Mövsümün əvvəlində yüksək yerlər uğrunda mübarizə aparmaq niyyətində idik. Ancaq turlar ötdükcə istəyimiz də artdı. İndiki vəziyyətdə isə çempionluq barəsində danışa bilərik. Yaxşı hazırlıq keçmişik, heyəti gücləndirmişik. Liderlə xal fərqimiz elə də çox deyil. “Turan”dan cəmi 5 xal geridəyik. Yəni, hər şey öz əlimizdədi. Qızıl medallar uğrunda mübarizədə əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
CEYHUN ƏLİYEV