İdman təbliğat mexanizmidi. Futbol isə bu səpkidən liderlər qrupundadı. Kiçik ölkələr futbola sərmayə qoymaqla bu mexanizmdən daha çox fayda götürməyə çalışır.
Ermənilərin Xocalı vəhşiliklərini törətdiyi tarixdən 25 il ötdü. Ölkə xaricində soydaşlarımız bu qara günlə bağlı müxtəlif tədbirlər keçirdi, fləşmoblar hazırladı. Bir neçə əcnəbinin bu həqiqətlərdən hali olması belə, düşmənlə təbliğat müharibəsində irəliyə atılmış addım sayılır.
Azərbaycan klubları bunu evlərindən kənara çıxmadan edə bilərdilər. Topaz Premyer Liqasında çıxış edən 8 komandadan 7-də legioner futbolçular çıxış edir. Bax, bu cür günlərdə onlara xalqımız, torpaqlarımız haqda ən dolğun məlumatı verməklə vətənlərində carçımız olmalarını təmin etmək lazımdı.
Başlayaq elə legionersiz “Sumqayıt”dan. “Gənclik şəhəri” təmsilçisi geniştərkibli heyətlə Sumqayıtdakı Xocalı abidəsini ziyarət edib. Premyer Liqanın ən gənc klubu “Zirə” yerli və əcnəbi futbolçularının iştirakıyla “Xocalıya ədalət” adlanan kiçik həcmli videoçarx hazırlayıblar.
Köklü klublarımızdan “Neftçi” və “İnter” də faciəvi günlə bağlı “Ana fəryadı” abidəsini ziyarət edib. Heç şübhəsiz ki, hər iki klubun rəhbərliyi əcnəbi futbolçulara yaşanmış soyqırımla bağlı ətraflı məlumatın çatdırılması yönündə əməli tədbirlər görüb.
“Qəbələ”, AZAL və “Kəpəz” isə saytlarında Xocalı faciəsiylə bağlı informativ yazı dərc etməklə, missiyalarını bitmiş hesab ediblər. Amma bildiyimizə görə, bütün klublar faciəylə bağlı müxtəlif mətnlər hazırlayıb və onları bir neçə dildə oyunçularına da paylayıblar. Ki, oxuyub faciədən xəbərdar olsunlar…
“Qarabağ” da Xocalı soyqırımına özünəməxsus tərzdə reaksiya göstərib. Klubun baş direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov komandanın azarkeşləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlarla yanaşı, komandanın futbolçusu – şəhid oğlu Vüqar Nadirov da tədbirdə iştirak edib.
Bu, Premyer Liqa klublarının 25 il sonra Xocalı soyqırımına dair ekskursiya idi. Yuxarıda qeyd etdiyimiz kimi, bu vəhşiliklə bağlı bir-birimizə nəql etmələr yenilik gətirə bilməz. Klublar isə azərbaycanlıların ən ağrılı yeri – Qarabağ savaşında ən ciddi təbliğat mexanizmləridi. Bu günü isə onlar məhz heyətlərindəki əcnəbilərə bu həqiqətləri çatdırmağa həsr etməli idilər. Kim hansı səviyyədə bunu etdi? Qoy bu suala cavabı oxucular versin.
Təbii ki, “Neftçi” daha nümunəvi davrandı. Bütün oyunçuları aksiyaya cəlb etmək əla addımdı. Əcnəbilər “Ana fəryadı” heykəlinin önündə həqiqəti daha yaxşı anladılar. Yaxşı olardı ki, “Qarabağ” da futbolçu heyətini ziyarətə aparsın. Başa düşürük, heç kimi zorla xiyabana aparmaq mümkün deyil, lakin mütəmadi olaraq elə təbliğat aparılmalıdı ki, onlar özləri bunda maraqlı olsunlar. Xüsusilə Qarabağın adını daşıyan klub üçün bu, vacibdi.
Ağdamlılar əla jest etdilər – bunu danmaq olmaz. Klubdan aldığımız bilgiyə görə, futbolçular da zaman-zaman belə aksiyalara cəlb edilirlər və sadəcə, bu ziyarətlər mətbuatdan gizli saxlanılır. Təki olsun, çünki “Qarabağ” təkcə futbol klubu deyil, həm də təbliğat maşını olmalıdı. Və ağdamlılar Şəhidlər Xiyabanını ziyarət etdikləri kimi, dünən xüsusi səbəblərdən (!!!) getmədikləri “Ana fəryadı” heykəlinə də baş çəkməlidilər. Həm də tez-tez…
CEYHUN ƏLİYEV