“Özüm istəməsəm, özüm getməsəm, heç kim məni "Səbail"dən uzaqlaşdıra bilməz” – bu sözləri “Səbail”in icraçı direktoru Yusif Həsənov deyib. Futbolinfo.az saytının bu şəxsin klubdan göndəriləcəyi ilə bağlı xəbərini şərh edərkən, klub rəsmisi özü də bilmədən yazdıqlarımızı təsdiqləyib.
“Sportinfo”ya açıqlamasında Yusif bəy daha sonra bunları deyib: "Mən futbola biznesdən gəlmişəm. Ailə şirkətimiz var və son 3 ilədək yalnız bu işlərlə məşğul olmuşam. "Səbail" yaranan gündən burdayam. Bu mövsüm birinci divizionda uğurlu çıxış etdik, ikinci yeri tutduq. Ancaq deməliyəm ki, bu sahədə çalışmaq çətindi. Vaxtımın yalnız 10 faizini biznesə ayıra bildim. Qalan 90 faizi futbola getdi. Yaxın günlərdə "Səbail"in gələcək planlarına həsr olunan mətbuat konfransı keçiriləcək. Bütün sualların cavabı orda veriləcək. Özüm istəməsəm, özüm getməsəm, heç kim məni "Səbail"dən uzaqlaşdıra bilməz. Açığı, belə çox yoruluram. Bütün günü komandayla birgə olmaq, səfərlər və oyunların nəticəsi vaxtımı çox alır. Biznesimə kifayət qədər vaxt ayıra bilmirəm. Yaxınlarda bir təklifi almışam. Futbol sahəsindən deyil, fərqli iş proyektidi. İndi bu barədə fikirləşirəm. Klubdan getsəm, ancaq buna görə gedəcəm. Hələlik heç nə bilinmir. Nəzərə alaq ki, "Səbail" gələn mövsüm, böyük ehtimalla, Premyer Liqada çıxış edəcək. Klub olaraq Premyer Liqaya hazırıq. Bütün sənədlərimiz qaydasındadı. Fikrimcə, orda oynamaq problem olmayacaq. Premyer Liqa diviziondan daha güclü və gərgin keçir, məsuliyyəti lap çoxdu. Bura gərək həmişəkindən daha artıq vaxt ayırasan. Mənim də əsas problemim budu".
Həsənov əslində, xəbərimizi təsdiqləyib. O, getmək perspektivinin olmasını deməklə elə buna işarə vurub. Sadəcə, özünü elə göstərir ki, sanki onu qovmayacaqlar, yaxşı təklifə görə gedəcək. Əslində, isə davranışı, müsahibələrində buraxdığı “taktiki səhvlər” Yusif bəyin aqibətini müəyyənləşdirib. Elə bu açıqlamasında da icraçı direktor “quş buraxıb”. “Özüm istəməsəm, özüm getməsəm, heç kim məni "Səbail"dən uzaqlaşdıra bilməz” deyən Həsənovun kimə arxalandığı çox maraqlıdı. Belə çıxır ki, Müşahidə Şurası, sədr Rəşad Abdullayev də ona heç nə deyə bilməz. Bəlkə Allahın bacısı oğludu, xəbərimiz yoxdu?