AFFA uşaq liqalarına xərclənən vəsaiti bir daha gözdən keçirməlidi. Söhbət heç də klubların xərclədiyi pullardan getmir. Hakimlərə verilən qonorarlardan əlavə, assosiasiya tərəfindən xərclənən 2,1 milyon manatın təyinatı dəqiqləşdirilməli, təftiş edilməlidi. Bu pulu hamıya dağıtmaqdansa, həqiqi uşaq məşqçiləri fərqləndirilməli, bu sahədə can qoyan insanlara ödənişlər edilməlidi. Yetirmələrinə görə qonorar alacaq məşqçiləri beləcə yeni istedadlar yetişdirmək üçün daha da stimullaşdırmaq olar. Hansısa UGİM-dən onsuz da maaş alan bacarıqsız birinə yolpulu verməkdənsə, vəsaiti doğru ünvana çatdırmaq gərəkdi.
 
AFFA əcnəbi idman direktorlarına xərclədiyi, daha doğrusu, havaya sovurduğu 2 milyonu elə bu məqsədlə istifadə etsəydi, daha yaxşı olardı.
 
İndi ki, lisenziya tələblərini AFFA İcraiyyə Komitəsi təsdiq edir, başqa məqamlara diqqət edilməlidi. Klubları müflis etməyə, iş adamlarını bezdirməyə hesablanmış bəndlərdənsə, həqiqətən top oyununun inkişafına xidmət edəcək nüanslar nəzərə alınmalıdı.
 
Məsələn, lisenziya tələbi kimi, komandaların iştirak ərizəsində mütləq öz yetirmələrinin olması barədə bənd olmalıdı. Avrokubok yarışlarında UEFA komandalardan A və B listləri tələb edir. Burada klubların müəyyən sayda öz yetirmələrinin olması haqda tələb var. Premyer Liqada iştirak etmək istəyənlər üçün də belə tələb olmalıdı, onlar sifariş vərəqlərində azı 3 nəfər öz yetirməsinin adını qeyd etməlidi. Belədə həmin klublar uşaq futbolunun inkişafına diqqət yetirməyə məcbur olacaq. Daha AFFA-nın tələbi ilə 10 komanda saxlamayacaq, güclü, sabah faydalana biləcəyi 3-4 kollektiv formalaşdıracaq və həmin futbolçulardan da zamanla yararlanacaq.
 
Lisenziya tələbi kimi daha bir məsələni qabartmaq olar. Premyer Liqada bəlli legioner limiti var. Klublar oyun zamanı eyni vaxtda maksimum 6 əcnəbinin xidmətindən istifadə edir. Belədə bir çox klubların, xüsusilə də “Neftçi”nin mövsüm ərzində 14-15 legioner gətirməsinin nə adı var? Meydana 6 əcnəbi çıxacaqsa, iştirak ərizəsinə də maksimum 10 nəfərin salınmasının mümkünlüyü barədə şərt olmalıdı. Belədə klublar seçimlərdə daha diqqətli olar, hər yoldan keçəni heyətə götürməz. Bu bənd klubların maliyyəsinin qorunması baxımından da vacibdi.
 
Hər transfer dövründə onlarla əcnəbini gətirib yola salan “Bakı”, “Xəzər Lənkəran” elə bu cür idarəetmə nəticəsində məhv oldu. Klubda çalışan bəzi işbazlar rəhbərliyi aldatdı, milyonları dağıtdı.
 
İstənilən halda, AFFA-nın ortaya atdığı lisenziya tələbləri əslində, böyük oyunun tərkib hissəsidi və qurum bundan qalxan kimi istifadə edir. Digər dünya ölkələrində bu tələblər o qədər sadədi ki, heç onun üzərində baş sındırmaq lazım gəlmir. Amma bizdə futbolu monopoliyaya çevirənlər öz məqsədlərinə çatmaq üçün bu vasitədən istifadə edir. Halbuki bir çox hallarda onu özləri də pozmaqdan çəkinmirlər. “Rəvan”ın Premyer Liqaya buraxıldığı mövsümü xatırlayın – AFFA sonradan etiraf etdi ki, bu paytaxt klubu tələblərə cavab verməsə də, İcraiyyə Komitəsinin qərarı ilə onlara “yaşıl işıq” yandırılıb. Belə bir praktika varsa, ölkə futbolunda coğrafiyanın böyüməsi, əyalətlərdə futbolun inkişafı naminə niyə eyni addım atılmır?
 
Təbii ki, bütün bunlar oyundu və onun şərtlərini hələ ki, monopolistlər diqtə edir. Həmin monopolistlər ki, onların himayə etdiyi klublar hətta 8 komandanın yarışdığı çempionatda da avrokuboklara yüksələ bilmir. İşbilmə qabiliyyəti, bacarıq, futbol anlayışı ilə marketinq hesabları tam fərqlidi.
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp