Axşamın xeyir, Kamran müəllim. Deyəsən, mətbuata möhtac qalmısız yenə. Dəyər vermədiyiniz, onlarsız daha rahat yeyib-içdiyiniz, pul qatladığınız media olmadan gördüyünüz işlərin effekt vermədiyini anladız, nəhayət ki. Mətbuatın iflic olması, ölü nöqtəyə yaxınlaşması sizin də sonunuzu yaxınlaşdırıb, heç kim fəaliyyətinizdən xəbərdar deyil. Etiraf edirsiz ki, regionlarda futbolun mövcudluğundan xəbərsiz adamlar var.

Ay bərəkallah, ayılmısız, ziyanın yarısından qayıtmaq istəyirsiz. Yəqin indi də telekanalları özündə birləşdirən bir Media Komitəsi yaradar, özəl verilişlər açar, rəisiniz Elxan Məmmədovu təriflədən layihələr işləyərsiz. Yediyinizdən yox, gördüyünüz işlərdən bəhs edən verilişlər.

***

Klublar Komitəsinin bugünkü iclasından sonra qurumun sədri Kamran Quliyevin verdiyi müsahibədə ən maraqlı məqam məhz təbliğati işlərdəki qüsurlarla bağlı dedikləri oldu. Həm də “Sumqayıt”ın prezidenti olan şəxs etiraf etdi ki, jurnalistikanı məhv etmələri, hesaba almamaları indi özlərinin fəaliyyətini də görünməz edib.

Növbəti çempionatın təqvimi və start vaxtının açıqlanması ilə bağlı məsələdə hər şey Peşəkar Futbol Liqası ilə milli komanda rəhbərliyinin öhdəsinə qalıb. Klublar Komitəsi olanda da belədi, olmayanda da beləydi. Ona görə də bu məsələdə yenilik yoxdu, qurum yığışdı-yığışmadı, qərarı adını çəkdiklərimiz verir. Və verəcəklər də. Sensasiya da olmayacaq: gözlənildiyi kimi, avqustun ortalarında yeni mövsüm başlayacaq.

Klublar Komitəsi limitlə bağlı məsələdə də yalnız müzakirəylə kifayətlənib. Çünki bu barədə qərarı da AFFA verəcək. PFL ən uyğun variantı tətbiq edəcək, bunu müəyyənləşdirənsə İcraiyyə Komitəsi olacaq. KK isə hətta tövsiyə verəcək cəsarətdə deyil.

Əvəzedicilərin yarışıyla bağlı məqam da onun kimi. Oyunların əsas komandadan bir gün əvvəl və ya sonra keçirilməsinin ciddi önəmi yoxdu. Klubların nəyi əsas gətirib bu haqda müraciət etdiklərini bilmirik, amma bütün dünyada ikinci komanda bir gün əvvəldən meydana çıxır. Ola bilsin, stadion problemi və s. səbəblərdən klublar belə istəyir və PFL də bunun reallaşmasında problem görmür. Amma “Keçəl Həsən və ya Həsən keçəl” – heç nə dəyişməyəcək. Əksinə, bu komandaların gec oynaması əlavə təşkilati problemlər yaradacaq. Buna qədər futbolçular əvəzedici komandada özünü göstərib əsas heyətə ümid edirdisə, indi əsas komandada oynamayanlar bu komandaya göndəriləcək.

***

Quliyevi narahat edən əsas məsələ futbolun təbliğatının istənilən səviyyədə olmamasıdı. Amma bunu da elə mətbuat illərdi yazır. Təbliğat üçün şərait, daha doğrusu, maliyyə lazımdı. Heç bir sayt, qəzet, telekanal qazanmadığı nədənsə yazmaz. Ölkədə azad reklam bazarı yoxdu, mətbuat da asılı vəziyyətdədi – pul verən üçün iş görür. Quliyev və qalstuklu dostları da bunu anlamalıdı.

Sədrdən sitat: “Futbolun mediada daha geniş işıqlandırılmasını istəyirik. Bildiyiniz kimi, “CBC Sport” telekanalı Premyer Liqanı sön mövsümdə yüksək səviyyədə yayımlayır. Biz istəyərdik ki, digər telekanallar da futbolu təbliğ etsinlər. Azərbaycan futbolunun bir neçə problemi var ki, bunlardan biri də azarkeşlərin stadionlara az gəlməsidi. Bütün bunlar klubların üzərinə düşən problemdi. Amma eyni zamanda biz də istəyərdik ki, yayıma, işıqlandırmaya cavabdeh olan tərəflər bu işdə daha aktiv olsunlar. Konkret hansı təklif almışıq, deyə bilmərik, amma növbəti iclasda bizim müzakirələrimiz olacaq. Biz istəyirik ki, yeni mövsümdə yeni təkliflər olsun. İnanın, regionlarda Azərbaycanda futbolun olmasından xəbərdar olmayan şəxslər var”.

Əvvəla, Kamran bəy gözünün içinə kimi yalan deyir. Çünki “CBC Sport”un yayımı ilk vaxtlar əla idi, iqtisadi böhran bu telekanalı da vurandan sonra çəkiliş keyfiyyəti xeyli aşağı düşüb, oyunlarda kamera sayı o qədər az olur ki, bəzən təkrarlara baxarkən heç nəyi müəyyən edə bilmirsən. “Topaz” bunu vaxtında anladı və rayonlarda yayımlanmayan, bölgə əhalisinin baxa bilmədiyi, bu üzdən auditoriyası məhdud olan kanaldan reklamı kəsdi. Bu şirkətin reklamı dayandırmaması isə “CBC Sport”u iflic vəziyyətinə saldı, ixtisarları qaçılmaz etdi.

İndi isə Kamran Quliyev AFFA-nın pay sahibi olduğu kanal üçün pul dilənir. İsətyir ki, digər telekanallar oyunlardan fraqmentləri alıb yayımlasın. “CBC Sport” pul istəyir, bu işdə qazancı olmayan kanallar isə bununla razılaşmır. Ortada qalan ölkə futbolu və onu izləyə bilməyən azarkeşlərdi.

Bu kanal HD yayıma başlayarkən belə problemlərin olacağını, rayonlarda əhalinin oyunlara baxa bilməyəcəyini yazmışdıq. O zaman kanal rəhbərliyi də, yayım hüququnu satan AFFA da problem olmayacağını israrla təkrarlayırdı. Və nəticə: Quliyev yazıq-yazıq etiraf edir ki, regionlarda Azərbaycan futbolunun olmasından xəbərsiz insanlar var.

Daha bir sitat: “Birinci Divizionda da komandalar var və həmin komandaların təmsil etdiyi rayonların əhalisi də ən azından Premyer Liqada nə baş verdiyini bilməlidirlər. Mən bildiyimə görə, “CBC Sport” telekanalının bəzi bölgələrdə yayımında problem yaranır. İcmallar, görüntülər azdı. İnsanlar məlumatı qəzetdən oxuyurlar ki, bu da kifayət etmir”.

Bəli, Kamran bəy, olmalıdı, amma yoxdu. Telekanalların üstünə gedəcəksiz və onlar burnunuzun üstünə vurub, geri qaytaracaq, pul istəyəcək. Ölkədə azad reklam bazarı olsaydı, siz haqlı olardız, amma indi onlar haqlıdı, aldıqları məhsulun pulunu çıxara bilmək imkanı yoxdu. Camaat konsertə, şouya baxır, sizin məhv etdiyiniz ölkə futboluna yox. Və bu, telekanalın günahı deyil, onlar bazarın tələbləri ilə işləyir. Məhsulunuzun satılması üçün keyfiyyətini artırmalısız, üstəlik, mövcud şəraiti nəzərə almalısız. Heç kim sizin özünüzün qazanaraq məhv etdiyiniz, rəzil gününə qoyduğunuz ölkə futbolunu təbliğ etməyə borclu deyil.

Kamran bəy qeyd etməyib, amma saytlarda, qəzetlərdə də vəziyyət eynidi. Məsələn, heç bir saytın “Sumqayıt”ı təbliğ etmək kimi öhdəliyi yoxdu. Reklam əməkdaşlığı olan, mətbuatın ayaqda qalmasını təmin edən “Qarabağ” və “Qəbələ”nin pulunu “Sumqayıt”a, “Kəpəz”ə və digərlərinə xərcləmək ağılsızlıq olar. Göstəriş verməklə deyil, təbliğat istəyirsizsə, ya zəhmət çəkib xərcləyin, ya da ortaya elə məhsul qoyun ki, biz ondan yazmağa məcbur olaq.

***

Amma Kamran bəydə inkişaf var. 10 il yeyib əsnədikdən sonra anlayıb ki, təbliğat da lazımdı. İnşallah, növbəti 10 ildə əməli fəaliyyətə də keçər.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp