Ölkə futbolu
Araz Abdullayev müəmması
Araz Abdullayev klub axtarışındadı. Onun yenə ölkə xaricin?…

Araz Abdullayev klub axtarışındadı. Onun yenə ölkə xaricinə üz tutacağı gözlənilir.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ”nin sabiq futbolçusu ölkə klublarının heç biri ilə danışıq aparmır. Hazırda menecerləri Araz üçün komanda axtarır.
Ötən mövsümü Kipr “Anartosis”ində bitirən yarımmüdafiəçi bir müddət öncə “Panionios”la müqavilə imzalamışdı. Yunanıstan klubu “Qəbələ”yə 70 min avro ödəyərək transfer etdiyi yarımmüdafiəçiyə böyük ümid bəsləyirdi. Lakin Abdullayev klub düşərgəsində 3 gün qaldıqdan sonra Bakıya qayıtdı.
Arazı tapmaq, “Panionios”dan ayrılma səbəbini öyrənmək mümkün deyil. Müəmmalı vidanın detalları bəlli deyil. Lakin müqaviləsi olan oyunçunun öz istəyi ilə yunan klubundan qaçışı da mümkün deyil.
Yunanıstandakı həmkarlarımızdam əldə etdiyimiz məlumata görə, “Panionios”dakı şərait Arazın xoşuna gəlməyib. Burada duruş gətirə bilməyəcəyini anlayan yarımmüdafiəçi, anasının ağır xəstə olduğunu deyərək düşərgədən ayrılıb. O, valideyninin vəziyyəti stabilləşəcəyi halda geri qayıdacağını bildirib.
Real durumun nə yerdə olduğunu bilmirik, lakin istənilən halda, Araz Yunanıstana qayıtmayacaq. O, elə bir klub axtarır ki, yunanları da razı salsın. Menecerləri də bu işlə məşğuldu.
Abdullayevin “Anortosis”ə gedişində səbəbkar olan Riad Rəfiyev hazırda axtarışdadı. O, Avstriyada danışıqlar aparır və futbolçunu buradakı klublardan birinə “calamaq istəyir”. Ramil Şeydayevi “Mattersburq”a göndərə bilməyən menecer indi də Arazla bağlı fəaliyyətdədi. Rəfiyev “Sumqayıt”ın prezidenti olduğundan onun futbolçu transferində vasitəçi olması yasaqdı, lakin hər yerdən, hər şeydən pul çıxarmaqda mahir olan bu şəxs qadağaları vecinə almır.
Abdullayevin taleyinə bu həftə aydınlıq gələcəyi gözlənilir. Ümid edək ki, onun ailə problemi arxada qalacaq və ölkə xaricindəki tək-tük legionerlərimizin sayı azalmayacaq.
AĞA