Ölkə futbolu
Fasilə ərəfəsində top atəşi: qonaqlar salamat qaldı
Topaz Premyer Liqasının 11-ci turu məhsuldar alındı. Büt&uum…

Topaz Premyer Liqasının 11-ci turu məhsuldar alındı. Bütün matçlarda azı 4, son qarşılaşmada isə hətta 5 top vuruldu. 4 oyuna 17 qolu yəqin, heç kim gözləmirdi. Və 3 oyunda ev sahibləri uduzdu, birində bərabərlik qeydə alındı.
Şənbə günü matçlarındakı triller Qəbələdə davam etdi. Meydan sahibləri yorğun “Qarabağ”ı fasiləyə məğlub yola salsalar da, ikinci hissədə özləri dayandılar. Bütün qolları legionerlərin vurduğu görüşdə ağdamlılar 22 dəqiqəyə qalibi müəyyənləşdirdilər. Çempion bu nəticədən sonra liderlə xal fərqini azaltmağı bacardı.
“Qarabağ” böhrandan çıxıb və yüksəlişdədi. Qəbələdəki qələbə də futbolçuların toparlanmasının nəticəsi idi. Meydan sahibləri isə qeyri-sabit çıxışa davam edir. Komandanın qələbələri bir neçə futbolçunun hansı formada olmasından asılıdı və məşqçi işi demək olar, görünmür. Sənan Qurbanov istefa təhlükəsindən müvəqqəti qurtulsa da, onun ciddi uğur qazanacağı inandırıcı deyil.
Günün son matçında bütün qollar fasilədən sonra vuruldu. Tərlan Əhmədovun gəlişindən sonra daha yaxşı təsir bağışlayan “Keşlə” indiyə qədər vurduğu qolların yarısını bir matçda reallaşdırdı və “Sumqayıt”ı layiq olduğu autsayderlər qrupuna yaxınlaşdırdı. Bakılılar indi daha ümidlidi və böhranlı günlər arxada qalmaqdadı.
Əhmədovun rəqibi yaxşı analiz etdiyi hiss olunurdu. İlk hissə rəqibin yorulmasına sərf edildi. Bütün matçlarda fiziki hazırlıqsızlığı özünü göstərən “kimyaçılar” yenə fasilədən sonra dayandı. Tərlan bəyin əvəzetmələri isə qonaqların daha sürətli, daha aqressiv oynamasına şərait yaratdı və darmadağına sevindilər.
Əslində, bu matç Sumqayıtda baş tutmalı idi. Lakin inşaatçılar şəhər stadionunun qazonunu vaxtında hazır edə bilmədiklərindən komandanın qaçqın günləri bu dəfə Bayılda davam etdi.
Nazim Süleymanov “Sumqayıt”ın idarəsini itirib. 11 tura 5-ci dəfə hansısa futbolçu qırmızı vərəqə alırsa, əvəzlənən oyunçu məşqçilərə etirazını aşkar bildirirsə, ümumiyyətlə, onun göstərişlərinə heç kim əməl etmək istəmirsə, deməli, kollektivdə xaos hökm sürür. Rəhbərlik, məşqçi heyəti və futbolçular arasında dostluq münasibətləri çoxdan itib, kollektiv ruhdan əsər-əlamət yoxdu. Və bütün bunlar Süleymanovun uzağı qış fasiləsində postuyla vidalaşması ilə nəticələnəcək. Başqa cür ola da bilməz – məşqçi hər oyundan sonra məsuliyyətdən qaçıb, bütün günahı futbolçuların üzərinə atırsa, çətin məqamda onlardan dəstək gözləməməlidi.
“Sumqayıt”ın bəzi əzmkar futbolçuları da artıq ruhdan düşüb, mövsümün əvvəlindəki kimi oynamırlar. Həm məşqçiyə inamsızlıq, həm də eyni futbolçuların daim kobud səhvlər etməsinə baxmayaraq, heyətdə yer alması narazılıqlara səbəb olub. Vurğun Hüseynov indiyədək 2 qırmızı vərəqə alıb, komandanın buraxdığı qolların az qala yarısında günah sahibidi, dünən də “Keşlə”yə hədiyyəsini verdi, amma yəqin ki, növbəti matçda da meydana kapitan sarğısı ilə çıxacaq.
Milli komandanın oyunları ilə əlaqədar çempionatda fasilə başladı. Bu dövrdə komandalar sonuncu dəfə toparlanmağa, qış fasiləsinə daha yaxşı vəziyyətdə yollanmağa çalışacaqlar. Çünki qarşıdakı 3 tur əksəriyyət üçün çox önəmlidi.
FƏRİD