Antalyada təlim-məşq toplanışında olan Azərbaycan millisi yoxlama oyununda qüvvəsini sınayıb. Yığmamız “Mardan” stadionunda keçirilən matçda Moldova millisi ilə qolsuz bərabərə qalıb.
Futbolinfo.az xəbər verir ki, yığmanın “sükanı arxasında” ilk oyununu keçirən Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Çətin oyun oldu. Futbolçulardan çox şey tələb edə bilməzdim. Hamısından raz qaldım. Meydanda çox düşündülər. Rəqib pressinq edirdi. Lakin daha çox müdafiədən oynadılar. Bütün oyunçulardan razı qaldım. Futbolçular fərdi qaydada öz üzərlərində çalışmalıdılar. Bakıya qayıtdıqdan sonra da fərdi söhbətlər edəcəm. İndi zəif komanda yoxdu. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidi.
– Baş məşqçi kimi üzərinizdə təzyiq var idi?
– Psixoloji təzyiq həmişə olur. Oyun zamanı isə hamısı yaddan çıxır.
– Abbas Hüseynov bu gün çox güc sərf etdi. Bu nə ilə bağlıdı? Sanki daha hazırlıqlı görünürdü…
– Qış hazırlığı zamanı oyunçuların hazırlığı dəyişə bilər. Hər futbolçu məşqləri fərqli qəbul edə bilər. Ona şans verilib, yəqin bu şansdan yaxşı istifadə etmək istəyib. İstəyirəm ki, o, yaxşı futbolçu olsun. Son illərdə qeyri-sabit oyun sərgiləyib. Bu gün onun oyunundan razı qaldım. Ancaq bu tempi qoruyub saxlamalıdı. Məncə, özünü bir az da inkişaf etdirməlidi.
– Əvəzetmələrin az olmasına səbəb nə idi?
– Oyundan öncə 6 dəyişikliklə bağlı razılığa gəldik. Buna görə, bütün heyəti dəyişmədim.
– Rəqib baş məşqçi onların daha çox qol fürsətləri olduğunu dedi…
– Bəli, onların qol fürsətləri oldu. Əsasən, standart vəziyyətlərdən qol şansı qazandılar. Onların yaratdığı epizodlar bizim diqqətsizliyimizin nəticəsi idi. Yəqin komandasının oyunundan razı qalıb. Futbolçuları onun tapşırıqlarını yerinə yetiriblər.
– Rəqib müdafiədən oynayırdı. Millətlər Liqasındakı rəqiblərin səviyyəsini nəzərə alsaq, bu cəhətdən çətinlik olmayacaq ki?
– Bəli, çətin olacaq. Bu gün bütün komandalar müdafiə oluna bilir. Rəqibi analiz etmək o qədər də çətin deyil. Bu cəhətdən Millətlət Liqasında da çətin olacağını bilirik. Ancaq bunun üzərində çalışmalıyıq.
– Rəqibin heyətində “Qarabağ” üçün gözaltı etdiyiniz oyunçu olmadı ki?
– Yox, daha çox öz futbolçularıma baxırdım. (Komanda)