Antalyada keçirilən yoxlama oyununda Azərbaycan millisi ilə qolsuz bərabərə qalan Moldova yığmasının baş məşqçisi Aleksandr Spiridon oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Spiridon öncə oyunla bağlı fikirlərini bildirib:   

– Düşünürəm ki, Azərbaycan millisi topa bir qədər çox nəzarət edirdi. Bizim də qol epizodlarımız oldu. Qələbə qazana da bilərdik. Hər iki tərəf üçün yaxşı oyun oldu. Azərbaycan yığması çox intizamlı komandadı. Bu, meydanda görünürdü. Bu cür rəqiblə qarşılaşmaq xoş idi. 

– Millətlər Liqasının pley-off mərhələsində Azərbaycanla qarşılaşmaq istərdinizmi?
– Mənim istəyim rol oynamır. Sadəcə, həm siz, həm də bizim üçün çətin olacaq. Bizi Lüksemburq, Belarus və San Marino ilə çətin oyun gözləyir. Sizin isə Kosovo ilə matçlrda işiniz asan olmayacaq. Buna görə də, indidən qrupda birinci yeri tutacağımızı demək olmaz. 

– Ramil Şeydayevlə görüşdünüz. Onunla yaxın münasibətiniz hardandı?
– Ramili “Zenit”də işlədiyim vaxtdan tanıyıram. Çox potensiallı oyunçudu. Düz etdi ki, “Zenit”dən icarəyə getdi. Çünki həmin vaxt Dzyuba və Kokorinlə rəqabət aparmalı idi. Ramilə məşqçi inanmalıdı. O, üzərində işləsə, Azərbaycanın güclü hücumçusu olacaq. 

– Qurban Qurbanovla bağlı fikriniz necədi?
– Qurban Qurbanov güclü məşqçidi. “Qarabağ”la yaxşı nəticələr qazanıb. Ona millidə işləmək daha rahatdı. Çünki “Qarabağ”ın futbolçularını tanıyır və onların əksəri millidə oynayır. Bu mənada, Qurbanovun oyun üslubuna bələddilər. Mənim isə bu cəhətdən işim bir qədər çətindi. (Komanda)

Shares: