“Keşlə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub.
Futbolinfo.az xəbər verir ki, Yuri Maksimovun çalışdırdığı komanda bu gün Antalya toplanışı çərçivəsində son yoxlama matçını keçirib. Rusiyanın birinci divizion təmsilçisi “Yenisey”lə matçda qalib müəyyənləşməyib – 1:1. “Keşlə” Slavik Alxasovun vurduğu qol ilə hesabda önə çıxsa da, rəqib komanda ikinci hissədə məğlubiyyətdən qaçmağı bacarıb.
Xatırladaq ki, “Keşlə” toplanış çərçivəsində öncə daha 2 yoxlama matçı keçirmişdi. İlk yoxlama matçında Makedoniyanın “Rabotniçki” klubuna 1:0 hesabıyla qalib gələn komanda Ukraynanın “Karpatı” klubu ilə qarşılaşmada 1:2 hesabıyla məğlub olmuşdu.
Komanda sabah – fevralın 2-də Vətənə qayıdacaq.
Antalyada toplanış keçən klublarımızdan ilk olaraq “Neftçi” hazırlığı başa vuraraq Bakıya qayıtmışdı.