Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun münasibətlərinin pozulması ilə bağlı xəbər dəqiqdi. 2 gündü mətbuatda bununla bağlı yazılar gedir və tərəflər həqiqətən dostluğa son qoyub.
 
Doğrusu, ilk öncə bu xəbərin bilərəkdən mətbuata ötürüldüyünü düşündük. Tərəflər iz azdırmaq üçün bu addımı ata bilərdi. Axı, Əhmədov bu posta məhz Musayevin təklifi ilə təyin olunmuşdu. Ona görə də mövsüm boyunca hakimlərin bakılılara kömək etməsi mümkün idi, şaiyələrin qarşısını almaq üçün isə guya onların artıq birlikdə olmadığı barədə xəbərin yayılması başadüşüləndi.
 
Lakin ciddi araşdırmadan sonra aydınlaşdırdıq ki, Musayevin Əhmədovun üstündən xətt çəkməsi üçün ciddi səbəb var. Tərlan bəydən ciddi şikayətlər olması, klubdaxili rəftarındakı qüsurlar və sair Musayevin dəstək verdiyi adamdan üz çevirməsinin səbəbi deyil. Heç PFL prezidentinin yaxın ətrafının təklif etdiyi oyunçuların heyətə götürülməməsi də münaqişənin açar nöqtəsi olmayıb.
 
Səbəb futboldankənar məsələ ilə bağlıdı, lakin bunu yəqin ki, heç vaxt yazmayacağıq. Çünki bu kimi məsələləri mətbuata çıxarmağı doğru saymırıq.
 
Tərlan bəy bir neçə gün öncə verdiyi müsahibədə Musayevlə görüşdüyünü demişdi. Lakin indi bəlli olur ki, həmin vaxt Ramin bəy üzrxahlıq üçün görüşə gələn məşqçini rədd edib. Ertəsi vasitəçilərin səyi ilə üz-üzə gəldiklərində isə PFL prezidenti güvənini yerə vurduğunu deyib və ona birdəfəlik qapını göstərib.
 
Əhmədovun “Neftçi”dəki günlərinin bitməsinə də çox qalmayıb. Onsuz da rəhbərliyin bəyənmədiyi məşqşi, Musayev kimi dayağını da itirdikdən sonra ortada qalıb. Öz səhvindən sonra boyuna bu aqibət biçilən çalışdırıcı etimadı doğrultmaq əvəzinə, ona güvənənlərə xəyanət edib. Və gec-tez – istefası qaçılmazdı…
 
CAVAD
Shares: