2018/19 mövsümündə Topaz Premyer Liqasında 10 komanda mübarizə aparacaq. Rəsmi qərar yoxdu, lakin verilən açıqlamalardan, görülən işlərdən bunu hiss etmək mümkündü. Milli komandanın baş məşqçisi Qurban Qurbanovun da istəyini nəzərə alaraq, AFFA rəqabəti artırmaq, eyni zamanda əhatə dairəsini genişləndirmək üçün bu variant üzərində işləyir.
 
Hazırda elitada mübarizə aparan komandaların hamısı yerində qalacaq. “Kəpəz”in son pillədən qurtulması çətin məsələdi, Gəncə təmsilçisini diviziona göndərmək isə futbol idarəçilərinin strategiyasına ziddi. Ölkənin əsas futbol şəhərlərindən birinin təmsilçisi kənarda qalmamalıdı – bu, həm yarışın Bakı çempionatına çevrilməsi demək, həm də qurumun maliyyələşdirdiyi klubda işlərin düzgün qurulmamasının təsdiqi olar.
 
Hətta möcüzə baş versə və “Kəpəz” son pillədən qurtulsa da, heç nə dəyişməyəcək. Belədə sonuncu olacaq “Səbail”i I diviziona göndəmək lazım gələrdi. Lakin AFFA “doğma övladını” bu aqibətə düşar etməz. Bu klubla assosiasiyanı çox “tellər” bağlayır. Bəlkə də “Keşlə” sonuncu olsaydı, Premyer Liqadan göndərilərdi, lakin bakılılar bu bəladan qaça bilib.
 
Reqlamenti nəzərə alsaq, sonuncu olan komandanın elitada saxlanılması anormallıqdı. Lakin AFFA bunu elita klublarının sayının artırılması islahatı adı altında pərdələyəcək. Belədə diviziondan daha 2 komanda yarışa buraxılacaq və 10 komandalı Premyer Liqa təmin olunacaq.
 
Bəs, diviziondan hansı komandalara yaşıl işıq yandırılacaq? AFFA rəsmilərinə inansaq, 10 iştirakçıdan 5-i lisenziya tələblərini yerinə yetirmək üçün səy göstərir. Adlar açıqlanmır, lakin onların “Xəzər”, “Şüvəlan”, “Binə”, “Turan Tovuz” və “Sabah” olduğu aydındı. Digər klubların bəziləri heç lisenziya üçün müraciət etməyib, bəziləri də ağır şərtləri yerinə yetirmək iqtidarında deyillər.
 
Növbəti turda “Qaradağ Lökbatan”ı yenəcəyi halda, “Xəzər” çempion olmaq üçün də əla şans qazanacaq. Əslində, debütant üçün 2-ci yer də yetərlidi, çünki lökbatanlıların, ümumiyyətlə, elita iddiası yoxdu və “Xəzər” turnir vəziyyətinə görə avtomatik olaraq, ilk namizəd olacaq. Klub rəhbərliyi digər problemləri də həll edib, hətta ölkə futbolunda kütləvilik, bölgələrdə bu idman növünün inkişafı kimi amilləri nəzərə alaraq, rayonlardan birinə köçməyi də düşünür. Süni əngəlləri də aradan qaldırdıqdan sonra heç kim bu komandanın qarşısını ala bilməyəcək.
 
AFFA “Kəpəz”i elitada saxlamaq qərarı verdikdən sonra Premyer Liqa iştirakçılarının sayını həm də ona görə artıqmağa məcburdu ki, divizion təmsilçilərinin haqqı yeyilməsin. Klublar 1 il ərzində yerlərində qalmaq üçün əziyyət çəkməyiblər. Xüsusilə “Xəzər” bu əziyyətə qatlaşıb və indi layiq olduğu vəsiqəni tələb edir.
 
10-cu komandanın adına aydınlıq gətirilməsi bir qədər çətin olacaq. Çünki “Şüvəlan”, “Binə”, “Turan Tovuz” və “Sabah”la bağlı məsələdə təkcə turnir cədvəlindəki mövqe həlledici olmayacaq. Bu komandaların lisenziya tələblərini necə yetirməsi, maliyyə durumları və perspektivləri araşdırılacaq.
 
Ötən mövsümün çempionu “Turan Tovuz”da hələ də bir sıra problemlər qalır, “Binə”nin arxasında duracaq konkret qurum yoxdu, klub fiziki şəxslərdən asılıdı. “Şüvəlan” “Zirə”nin farm-klubudu, yaxşı bazası olsa da, digər sənəd problemləri mövcuddu. “Sabah”a klubun sahibləri ilə dostluq münasibətlərinə görə AFFA-dan ciddi dəstək var, ancaq bu komanda turnir vəziyyətini heç cür yaxşılaşdıra bilmir. Təbii ki, sənəd məsələrində eynilik olsa, daha ön pillədəki komandalar üstünlük qazanacaq. Lisenziya prosesinin gedişi gizli saxlanılır, lakin bizə məlumdu ki, “Sabah”ın elitaya buraxılması daha realdı. Bunun qarşısını digər iddiaçıların gördüyü və görəcəyi işlər ala bilər.
 
İstənilən halda, müəyyən ələnmələr olacaq və “Xəzər”lə yanaşı, daha bir komanda Premyer Liqaya buraxılacaq. İdman mübarizəsi, dürüstlük və şəffaflığın yekununda layiq olanların elitada olacağına ümid edirik.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp