Topaz Premyer Liqasında XXVIII turun "Qəbələ" – "Qarabağ" oyununun yerinin dəyişdirilməsi planlaşdırılır. 

Futbolinfo.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirilib ki, Ağdam klubuna çempionluq kubokunun məhz həmin matçdan sonra təqdim edilməsi nəzərdə tutulur və bu məqsədlə görüşün yeri Bakıya – "atlılar"ın ev oyunlarını keçirdiyi "Azersun Arena"ya dəyişdirilə bilər.

Bəs "Qəbələ" ev oyununun səfər qarşılaşmasına çevirilməsinə razıdımı? "FutbolPress" bu sualı əyalət təmsilçisinin baş meneceri Zaur Əzizova ünvanlayıb. Klub rəsmisi yaxın 2-3 gün ərzində qərar veriləcəyini bildirib:

"Məsələ ilə bağlı PFL-lə şifahi danışığımız olub. Hələ son qərar verilməyib. Yaxın 2-3 gün ərzində klubda bunu müzakirə edəcəyik. Bundan sonra oyunun yerinin dəyişdirilib-dəyişdirilməyəcəyi dəqiq bilinəcək".

Hazırda ikinci pillədə olan "Qəbələ" "gümüş"ə əsas iddiaçıdı. Ancaq ola bilər ki, son tura qədər medal təmin edilməsin. Əzizov qərar verilərkən bunun da nəzərə alınacağını söyləyib:

"Dediyim kimi, hələ klub daxilində heç nəyi müzakirə etməmişik. Hər halda qərar verərkən bu da nəzərə alınacaq".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp