“Qarabağ”ın hücumçusu İnnosent Emeqara Premyer Liqanın son matçında dubl etdi. Məhz onun sonuncu qolu “Zirə” ilə təxirə salınan oyunun qalibi olmaq üçün kifayət etdi.
 
Legioner forvard futbolinfo.az-a müsahibəsində son oyunlardan, eləcə də “Arsenal”la qarşıdakı matçdan danışdı.
 
– “Qəbələ” ilə oyunda qazandığınız asan qələbədən sonra hər kəs düşünür ki, artıq “qırmızı-qaralar”ı sizə rəqib görmək olmaz…
– Sadəcə, həmin günü “Qəbələ” yaxşı oynamadı. Bizə isə istədiyimiz kimi çıxış etdik. Düşünürəm ki, belə qələbələr olur.
 
– “Zirə” ilə matçda isə 2:0 üstün olduqdan sonra hesab bərabərləşdi. Bu vaxt komanda arxayınlaşdı, yoxsa sıx qrafikdə oynamağın nəticəsi idi?
– Bizim qısa müddətdə xeyli oyunumuz var. Avropa Liqasında fərqli çıxış edirik. Səyahətlərimiz olur. Amma bizim yaxşı komandamız var. Buna görə də daim qələbə qazanmaq istəyirik. Həmin matçda 2:0-dan sonra bizim üçün sürpriz oldu ki, rəqib hesabı 2:2 etdi.  Amma sona qədər oynayıb evdə 3 xalımızı qazana bildik.
 
– “Sportinq”lə matçda isə 0:2 hesabı ilə uduzdunuz. Avropa Liqasına məğlubiyyətlə başladınız…
– Həmin matçın ilk hissəsində yaxşı çıxış etmişdik. İkinci hissədə bir az da olsa, konsentrasiyanı itirdik. Oyunu əldən verdik. Düşünürəm ki, Lissabon klubuna qarşı evdə daha yaxşı çıxış edəcəyik.
 
– Əlinə düşən fürsətlərdən yararlana bilmədin. Bu, sənə təsir etdi?
– Rəqib qapıçı çox yaxşı oynadı. O, vaxtında düzgün qərar verib irəli çıxdı və qol vurmağıma mane oldu.
 
– “Arsenal”la qarşılaşmada heç kim qələbə gözləmir…
– Futbolda hər şey mümkündür. Biz qələbə üçün oynayacağıq.
 
– Qrupunuzu Çempionlar Liqası qrupu adlandıranlar çoxdur, bununla razısan?
– Əlbəttə. Normalda bu komandalar Çempionlar Liqasının qrup mərhələsində oynayır. Bizim üçün çox çətin qrupdur.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp