“Neftçi”nin futbolçusu Slavko Braliçin futbolinfo.az saytına müsahibəsi:

– “Səbail”lə matçda qalib gəldiniz. Rəqib 3-cü pillənin sahibi olmasına baxmayaraq, asan qalibiyyət idi…
– Düzdü, qalib gəldik. “Səbail”lə oyunda 3 xal bizə lazım idi. Çox vacib qələbədi. Düşünürəm ki, bu qalibiyyətə tamamilə layiq idik. 

– Amma penalti epizodu çox müzakirə olundu. Hakimin yanlış qərar verdiyi deyilir…
– Düzdü, razıyam. Hakim həmin epizodda yanlış qərar vermişdi. Amma bu, bizim qalibiyyətimizə kölgə sala bilməz. Çünki həqiqətən 3 xala layiq tərəf biz idik. 

– “Neftçi”yə gələrkən az oynamaq şansı qazanırdınız. Amma indi əsas heyət oyunçusuna çevrilə bilmisiz. Ruslan Abışovun zədələnməsi sizə sanki kömək etdi…
– Mən öz şansımı gözləyirdim. Bunu indi əldə etmişəm. Fikrimcə, şansı düzgün dəyərləndirmək lazımdı və hazırki vəziyyətdə yaxşı yoldayam. Komandama kömək edə bilirəmsə, bu daha vacib amildi. 

– “Neftçi”nin heyətində bir neçə futbolçu zədələndi. Elə kapitan Ruslan Abışovun uzun müddətə sıradan çıxması komandaya müəyyən mənada təsir edə bilər. Səncə, yeni oyunçulara ehtiyac varmı?
– Düşünürəm ki, bu komanda çempionluq üçün hazırdı. Amma yeni futbolçularla bağlı qərarı baş məşqçi və idman dirketoru verəcək. 

– Bundan əvvəlki çempionatlarda da bunun şahidi olmuşuq ki, “Qarabağ” mövsümün ilk yarısında avrokuboklarda iştirak etdiyi üçün digər rəqiblər önə keçir. Qış fasiləsində “Qarabağ” qrup mərhələsini başa vurur və gəlib asanlıqla çempion olur. Ötən il eyni hal “Qəbələ” ilə baş vermişdi. Düşünmürsən ki, analoji ssenari sizing də başınıza gələ bilər?
– Ola bilər ki, bu doğrudu. “Qarabağ” qış fasiləsindən sonra daha güclü ola bilər. Amma biz öz oyunlarımıza köklənməliyik, indiyə kimi əldə etdiyimiz konsentrasiyanı itirməməliyik. Bizim onlarla 5 xallıq fərqimiz var. Çalışmalıyıq ki, aradakı fərq əldən getməsin. 

– Azərbaycan çempionatında keçirdiyin ilk mövsümün ilk yarısı başa çatır. Hansı təəssüratlar yarandı?
– Düşünürəm ki, yaxşı çempionatdı. Çünki burada mübarizəyə davamlı 8 komanda mübarizə aparır. Hər komanda ilə oyunda xal itirmək mümkündü. 

– Sənin fikrincə, çempionluq mübarizəsinə başqa komanda qoşula bilər?
– Bu mövsüm üçün çətin görünür. Məncə, elə çempionluq üçün “Qarabağ” və “Neftçi” mübarizə aparacaq. 

– Azarkeşsiz stadionlar adətən legioner futbolçulara cansıxıcı gəlir. Bəs, sən necə fikirləşirsən?
– Daha yaxşı olacağına ümid edirəm. Əlbəttə, yaxşı olardı ki, azarkeşlər çox olsun. Çünki futbol onlar üçün oynanılır.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp