Futbol üzrə Slovakiya yığmasının yarımmüdafiəçisi Patrik Qroşovski AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytına açıqlama verən Plzen "Viktoriya"sının 27 yaşlı kapitanı 3 il əvvəl Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"la oynadıqları matçları da xatırlayıb:

"Hara gedəcəyimizi və bizi nəyin gözlədiyini yaxşı bilirik. Azərbaycanlı futbolçular evdə daha təhlükəli oynayır. Klub səviyyəsində 3 il əvvəl "Qarabağ"la oyunlarımız bunu deməyə əsas verir. Evdə 0:0, səfərdə isə 1:1 oynayıb, mərhələni keçmişdik. Həmin vaxt meydan sahibləri əla təsir bağışlamışdılar. "Qarabağ"ın heyətində hazırda Azərbaycan millisində çıxış edən futbolçular da var idi. Onlar keyfiyyətli oyunçulardır. Ona görə də bizi Bakıda asan oyunun gözlədiyini düşünmək olmaz".

İyunun 11-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp