“Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununda “Zirə” ilə qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdən sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov oyun barədə fikirlərini açıqlayıb.
Sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Yaxşı oyun oldu. İyunun 17-də başlanan hazırlığın sonunda ciddi rəqibə, Premyer Liqa klubuna yoxlama oyunu keçirdik. Bunadək iki həftəlik yaxşı hazırlıq prosesini arxada qoymuşduq. Bu görüşə əsasən bizim üçün yaxşı material, futbolçular üçün yaxşı məşq oldu. Oyunçular meydanda yaxşı hərəkət etdilər. Oyundan razı qaldım”.
Qurbanov əsas komandanın heyətində meydana çıxan “Qəbələ” Futbol Akademiyasının yetirmələrinin çıxışına da toxunub: “İlk dəfə Premyer Liqa klubuna qarşı oynadılar. Bəzi futbolçularda həyəcan var idi. Lakin onların potensiallarını bilirik. Gözümüzün önündə yetişiblər. Onlara inanmaq, şans vermək istəyirik. Daha çox məşq etməli, öz üzərlərində çalışmalıdırlar ki, əsas heyət oyunçusuna çevrilsinlər. Onlar zamanla daha yaxşıya doğru irəliləyəcəklər. Gənc oyunçuların istəkli olması sevindiricidir”.