“Millidə həmişəki kimi əla atmosfer var. Heyətdəki itkilər bunu korlaya bilməz”.

Futbolinfo.az xəbər verir ki, bunu Xorvatiya millisinin futbolçusu Tin Yedvay deyib.

24 yaşlı müdafiəçi AÇ-2020-nin seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunları barədə fikirlərini açıqlayıb. T.Yedvay sentyabrın 6-da Slovakiya, üç gün sonra Azərbaycana qarşı keçiriləcək matçlarda qələbə barədə düşündüyünü gizlətməyib: “Bu iki oyundan sonra turnir cədvəlinin birinci pilləsinə yüksələ bilərik. Bunun üçün hər iki matçda qalib gəlməliyik. Liderliyi ələ aldıqdan sonra təsnifat mərhələsinin sonunu gözləyəcəyik. Əsas qələbədir, qolu kimin vurması, kimin müdafiə olunması əhəmiyyət daşımır. Qarşıdakı rəqibimiz olan Slovakiyanın heyəti çox yaxşı qurulub. Rəqib uzun ötürmələrdən çox istifadə etmir. Slovakiya Azərbaycanla Macarıstandan fərqlənir. Amma çox şey özümüzdən, oyunlara necə köklənməyimizdən və hazırlığımızdan asılıdır. Slovakiya yaxşı oynayır. Lakin məğlubiyyət barədə heç düşünmürük. İki qələbə üçün hazırlaşırıq. Sübut etmək istəyirik ki, böyük turnirlərdə oynamağa layiqik”.

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu “Bakcell Arena”da keçiriləcək.

Shares: