Ölkə futbolu
Məmmədovun gözdənsalma layihəsi

Yunis Hüseynov, Mahir Şükürov indi hardadı? Bəs, onar ölkə futbolunun bərbad durumuna görə narazı idilər, nə oldu? Qoğalı alıb, sakitləşdilər.
Biri qondarma vəzifə ilə susduruldu, təyinatından bəri millət içinə çıxmayıb. Obiri daha ucuza satıldı – milli komanda ilə səfərə göndərildi və köpü yatdı. Yoxsa elə bilirsiz ölkə futbolunda hər şey düzəlib, ona görə daha səsləri gəlmir?
AFFA-nı həmişəyaşar baş katibi Elxan Məmmədov çox əla, hiyləgər idarəçidi, hamısının potensialını bilir, insanlarla potensialına görə davranır. Kimin nə tələb etdiyinin, hansının qapağının neçə “razmer” olduğunun fərqindədi. Bəzilərini belə ucuz imtiyazlarla susdurur, veteranların bir qismini qarşı-qarşıya qoyub rüsvay edir, Nazim Süleymanov kimi səriştəsiz üsyançıları isə düşmən imici yaratmaqla kənarda qoyur. Özü marketoloq dostlarını, qohumlarını ətrafına toplayıb, hakimiyyətini genişləndirir.
İndi növbə başqalarınındı. Elxan Məmmədov bugünədək başını sığallamaqla yola verdiyi İsgəndər Cavadovla da özü üz-üzə gəlməyəcək. Son mətbuat konfrasında elan etdiyi xətt qüvvədədi. Daim narazılıq doğuran bölgə futbolundakı problemlərə görə bundan sonra məhz Cavadov önə veriləcək, onun tənqid edilməsinə şərait yaradılacaq. Beləcə İsgəndər bəyin olan-qalan imici də məhv ediləcək, məşhur “11 nömrə” gözdən salınacaq.
Və ya uşaq futboluyla bağlı bütün tənqidlərin əsas hədəfi Rauf Əliyev olacaq. Vitse-prezident bu sahəyə kurator təyin edilib, onun əvəzinə Məmmədov cavab verəsi deyil ki? Buyursun, problemləri həll etsin, inkişafa nail olsun.
Ən maraqlısı, icraçı vitse-prezidentin qurduğu oyunu bu şəxslərin anlamamasıdı. Kurasiyalar bölünüb, lakin prosesin davamıyla bağlı heç bir izahat yoxdu. Mahir Məmmədovun yaddan çıxdığı, Elmar Məmmədyarov, Firudin Qurbanov, Fərid Mansurov kimi İcraiyyə Komitə üzvlərinin qondarma “vəzifələr” aldığı sistemin işləmə mexanizmi necə olacaq? Bu üzvlər öz sahələrinə necə nəzarət edəcəklər, hansı təsir imkanları var, işlərin daha yaxşı getməsi üçün nə edə biləcəklər? Bax, bu sualların cavabı yoxdur.
Heç onların nəyə, necə cavab verəcəkləri, hansı şəkildə məsuliyyət daşıyacaqları da bilinmir. Konkret iş planı olsa, Elşad Nəsirov milli komandalara görə hər gün “yad edilər”, Zaur Axundov futzaldakı duruma görə tənqid atəşinə tutular. Bu adamlar “yeməli” sahələrdə “süfrə”yə nəzarət üçün ayrılıblar. Çirkab içində olan region və uşaq futbolu isə gələcək qurbanların “əhatə dairəsindədi”. İnkişaf olarsa, hər hansı müsbət addım atılarsa, AFFA rəhbərliyinin adına yazılacaq, bütün neqativ hallarda isə Cavadovla Əliyev yada düşəcək, istiqamətləndirilmiş bəzi media nümayəndələri tərəfindən hədəfə gətiriləcəklər.
Bu sahələrdə də müəyyən iş görmək olar. Dövlətin qayğısı danılmazdı, mütərəqqi addımlar üçün də hər cür resurs var. Sadəcə, işi düzgün qurmaq və onlara kurasiya bölgüsü edənlərdən tələblə yanaşı, şərait yaratmasını təmin etmək lazımdı. Həmin Rauf Əliyev uşaq liqalarına nəzarət etməyi də öhdəsinə götürməli, telepatik Yusif Vəliyev kimi marketoloqları bacardıqları işin dalıyca göndərməli, sahəni əsl mütəxəssislərə həvalə etməlidi. Təbii ki, uşaq futboluna ayrılan maliyyəyə nəzarəti də ələ almalıdı ki, müəyyən addımlar ata bilsin. Maliyyə Məmmədovda, yalançı nəzarət Əliyevdə olacaqsa, sonuc bəllidi. Cavadov da həmçinin…
Bu addımlar atılmasa, AFFA-da ən “stajlı” olan 3-4 nəfərdən daha ikisi gözdən salınacaq, məsxərə obyekti olacaq. O zaman İsgəndər bəyi depressiyadan qurtulmaq üçün indiki kimi Türkiyəyə yollanmaq da xilas etməyəcək.
Yunis Hüseynov, Mahir Şükürov və… Bu siyahı çox uzanacaq. Futbolda yalnız marketoloqlar qalanadək…
CAVAD