Ölkə kuboku
“Qəbələ” və “Sabah”ın fərqli strategiyasına xeyir-dua: Amin!

Bir transfer iki klubu eyni anda gündəmə gətirdi. Darıxdırıcı karantin günlərində Amin Seydiyevin “Qəbələ”ni “Sabah”a dəyişməsi Operativ Qərargah tərəfindən süni nəfəs aparatına bağlanan ölkə futbolu üçün vacib hadisəyə çevrildi.
Əyalət təmsilçisinin yetirməsi paytaxta köçür. İstedadlı müdafiəçi “Zirə” və “Neftçi”nin də maraq dairəsində olmasına rəğmən, Premyer Liqanın ən gənc təmsilçisini seçdi. Maddi məsələlərin bu transferdə rol oynadığı şübhəsizdi – “Sabah” həm “Qəbələ”yə, həm də oyunçunun özünə daha çox pul təklif etdiyindən arzusuna çatdı. Lakin burada bakılıların israrı da böyük rol oynadı. Yarandığı gündən böyümək strategiyası seçən, büdcəsini, heyətini, iddiasını ildən-ilə artıran “Sabah” Amini düşərgəsinə gətirmək üçün hər şey etdi.
Cari mövsüm bitməyib, taleyi hələ də sual altındadı. Davam qərarı verilsə, Seydiyevin indiki klubunda gələcək komandasına qarşı matçlarda necə oynayacağı başqa sualdı. Transferin erkən açıqlanması bəlkə də doğru deyil – baxmayaraq ki, qanunlar buna icazə verir. Bununla belə, həm futbolçunun, həm də sözügedən klubların peşəkar olduğuna əminik, əlavə söz-söhbət yaranmayacağına ümid edirik.
“Qəbələ” əsas heyət oyunçularından birini itirdi. Son illər iddiasını azaldan, strategiyasını dəyişən, daha çox akademiyada yetişdirdiklərini satmaqla məşğul olan klub üçün Seydiyevin gedişi də uğur sayılmalıdı. “Sabah”a gedən Bəhlul Mustafazadənin yerini Amin doldurmuşdusa, indi də bu futbolçunun əvəzinə başqa bir istedad parlayacaq – “Qəbələ”də şans gözləyən belə gənclər çoxdu. Azərbaycanın “Ayaks”ına çevrilməkdə olan əyalət klubu bu transferdən əldə etdiyi vəsaiti yeni aminlərin yetişməsinə sərf edəcək və bu, ölkə futbolunun inkişafına xidmət etmək baxımından da düzgün seçimdi.
“Sabah”a gəlincə, gənc istedadları düşərgəsinə toplayan bakılılar təcrübəlilərlə vəhdətə nail olmaq niyyətindədi. İşlər rəvan getsə, “Sabah”ın sabahı həqiqətən parlaq olmalıdı. Bu komanda çempionatda gənclərə ən çox şans verənlərdən biridi, bəzən eyni vaxtda üç limit oyunçusundan istifadə edirdi. Üzdə olan milli futbolçularını düşərgəyə yığan paytaxt təmsilçisi öz yetirmələrindən də maksimum faydalanır. Təcrübəli yerli və əcnəbi oyunçuların seçimi də pis deyil, növbəti mövsümlərdə “Sabah” pillə-pillə irəliləməklə çempionluq üçün də mübarizə apara bilər.
Təbii ki, təkcə Aminin transferi medallara ümd etmək üçün yetərli deyil. Seydiyevin transferi sadəcə, düzgün strategiya zəncirinin möhkəm bir halqasıdı. Xeyirli olsun.
FƏRİD