Ceyhun Sultanov “Keşlə”yə gəlir…

Azərbaycan futbolunda uğurlu və ya uğursuz olmaq seçim meyarı deyil. Adamın varsa, kiminsə tanışı, dostusansa, iş yerin hazırdı. İş yerini əlcək kimi dəyişəcəksən və sənə hətta istirahət üçün fasilə götürmək də lazım gəlməyəcək.

Ceyhun Sultanov “Keşlə”yə gəlir…

Bir neçə gün öncə uğursuz nəticələrə görə “Neftçi”dən uzaqlaşdırılan, 3 il işlədiyi klubda ümidi doğrultmayan idman direktoru heç nə olmayıbmış kimi digər paytaxt təmsilçisinə yollanır. Başqa klublarda uğurlu fəaliyyətindən sonra illərdi işsiz qalanlar gözləyir, dünən qovulan bu gün təyinat alır.

Ceyhun Sultanov “Keşlə”yə gəlir…

Klubun rəhbəri Zaur Axundov özü də belədi. İllərdi ancaq dövlətin pulunu dağıdır, öyünməli, ortaya çıxarmalı bir nəticəsi yoxdu, nə klubda sistem qurub, nə rəhbərlik etdiyi futzal federasiyasında. Amma hələ də AFFA İcraiyyə Komitəsinin üzvüdü, əlaqələri hesabına hər il klubuna 5 milyon manat ayırtdırır. FIFA-nın, UEFA-nın prinsiplərinə də şəxsi maraqlarına görə tüpürürlər. Və bu adam indi dağıdılmış pulların məsuliyyətini boynuna yıxmaq üçün yeni qurban tapıb.

Ceyhun Sultanov “Keşlə”yə gəlir…

Həm də yeni posta. Dünənədək Bakı klubunda idman direktoru postu yox idi. Var idisə də nə orada kimin işlədiyini bilirdik, nə bir fəaliyyəti diqqət çəkirdi. Sanki “Keşlə”də klub strukturunu qurmaq üçün Sultanovun istefa verməsi lazım imiş. İndi Ceyhun gəlsin deyə vəzifə təsis edirlər. İndi bunu dostun “yerləşdirilməsi” sayaq, yoxsa inkişaf üçün islahat?

Ceyhun Sultanov “Keşlə”yə gəlir…

Haradan? “Neftçi”dən! Hara? “Keşlə”yə! SOCAR-dan maliyyələşən bir klubdan digərinə. Hansı ki, “Neftçi”dən məhz SOCAR rəhbərliyinin əmri ilə qovulmuşdu, indi Axundov həmin şirkət rəsmilərini saymadan ona vəzifə verir. Ya SOCAR-ın çoxsaylı rəhbərləri arasında fərqli düşünənlər var və onlar klublara nüfuz etmək baxımından fərqli səlahiyyətdədi, ya da Axundov pulverənləri ilə hesablaşmır.

Ceyhun Sultanov “Keşlə”yə gəlir…

O, Axundovu arzusunda olduğu “Neftçi”nin prezidenti postuna gətirə bilmədi. Əvəzində Zaur bəy onu yanına gətirir. Bəlkə də birləşib, cüt getməyə çalışacaqlar.

Ceyhun Sultanov “Keşlə”yə gəlir…

Və addım səsləri eşidilməyə başlamışkən komandanın heyətində islahatlara start verilib. Gəlməmiş məsləhətləri ilə təmizləmə apartdırır. Artıq 3 legioner ilin-günün bu vaxtında, çempionat davam edərkən yola salınıb. Yəqin Sultanovun qışda rahat bazarlıq etməsi, transferlər həyata keçirməsi, dövlət büdcəsini növbəti dəfə dağıtmaları üçün təmizləmə əməliyyatına erkən başlayıblar. Bazar olsun.

Ceyhun Sultanov “Keşlə”yə gəlir…

Yox, indi gəlmir. Ceyhun illərdi “Keşlə”dədi, sadəcə, indi bu izdivacı rəsmiləşdirirlər. “Sumqayıt”da işləyəndə də, “Neftçi”də çalışanda da Sultanov bu kluba futbolçu seçir, başqa klub rəsmisi ola-ola bu kluba menecerlik edirdi. Vaxtilə Pablo Podio “Keşlə”yə Sultanovun vasitəçiliyi ilə gəldiyini etiraf etmişdi. Daha sonra İqor Yovanoviç eyni xəttlə Bakıya gəlmiş, mətbuatın hay-küyündən sonra razılaşdırdığı müqaviləni bağlamadan ölkəmizi tərk etmişdi.

Ceyhun Sultanov “Keşlə”yə gəlir…

Yayda Axundova peşkəş göndərdiyi Rəhman Hacıyev, Tural Axundov, Turan Vəlizadənin arxasınca gəlir. Həmin “Keşlə”dən apardığı Cabir Əmirlini “Neftçi”də qoyaraq gəlir. Gəlir ki, vaxtilə “Keşlə”də Zaur bəyin yanında işləmiş qohumu Füzuli Məmmədovu, onun köməkçisi Vadar Nuriyevi bir də geri qaytarsın.

Ceyhun Sultanov “Keşlə”yə gəlir…

Xoş gəlir. Gələcəyi də var, görəcəyi də. Kaş özüylə “Həsənsoxdu dəyirmanı”na peşəkarlıq da gətirsin.

CAVAD

Shares: