Ölkə futbolu
Rəqabətsizliyin ALTInda qalanlar – “Qarabağ” və başqaları

“Sumqayıt” da “ALTInı vurdu”. İlk turda aldığı yeganə məğlubiyyətdən sonra rəqiblərinə başağrı olan “kimyaçılar” zirvəni bu pillənin son illərdəki əbədi sahibinə təhvil verməli oldu. “Qarabağ” isə ardıcıl üçüncü iddialıya 6 qol vurmaqla rəqib tanımadığını göstərdi.
Turun mərkəzi oyunundan öncə komandaların aqibəti oxşar idi. Belə ki, hər iki kollektivin xeyli oyunçusu millinin düşərgəsindən yorğun qayıtmışdı. Yığmanın start heyətini böyük ölçüdə təşkil edən bu komandaların üzvlərinin ağır qrafikdə özünü necə göstərəcəyi maraqlı idi.
İtkilər baxımından isə “Qarabağ” daha pis durumda idi. 4 aparıcı müdafiəçinin müxtəlif səbəblərdən oyunu buraxması qonaqlara üstünlük verməliydi. Qara Qarayevi müdafiənin mərkəzinə çəkən Qurban Qurbanov rotasiyalarla problemi yoluna qoymağa çalışmışdı. Amma meydan sahiblərinin yarımmüdafiə və hücum xətti o qədər yaxşı idi ki, prinsipcə, “Sumqayıt”ın hücum etmək imkanı olmamalıydı. Əsas bombardiri Əli Qurbaninin yoxluğunda iddiasız kollektivə çevrilən “kimyaçılar” dünən yalnız ilk qola kimi müqavimət göstərməyi bacardı.
İlk qolda ciddi səhvə yol verən Mehdi Cənnətov yəqin ki, yenidən Aydın Bayramovun əvəzedicisinə çevriləcək. Çünki bu epizod oyunun axarına birbaşa təsir etdi. Müqaviməti qırılan qonaqların səhvləri sıralandı, bu azmış kimi, müdafiənin dirəyi Vurğun Hüseynov zədələnib əvəzləndi. Ayxan Abbasovun sonrakı əvəzləmələri isə daha çox imkan daxilində kiçik hesabla uduzmağa hesablanmışdı. Lakin bu da alınmadı, “Qarabağ” yarı güc sərf etməklə “Keşlə” (6:1) və “Neftçi”nin (6:0) ardınca “Sumqayıt”ı (6:1) da biabır etdi.
Mövsüm başlayarkən hücumçu almamaqda ittiham olunan “Qarabağ” hazırda hətta ən çox qol vuran komandanın iki misli qədər fərqlənib. 5 komanda 10 qol həddinə çatmadığı halda ağdamlıların hesabında 26 top var. Bəli, qitə arenası üçün ağdamlıların heyəti yetərsizdi, lakin Premyer Liqada hətta bu futbolçular da qarşısıalınmazdı. Ona görə Azərbaycan çempionatını güclü yox, bərabərsəviyyəli zəif kollektivlərin mübarizə meydanı kimi qəbul etməliyik. “Qarabağ” hamıdan qat-qat üstündü, səviyyə fərqi aşkar görünür.
Premyer Liqada hamının tez-tez xal itirməsini, rəqiblərin bir-birindən uzaqlşa bilməməsini güclü rəqabət kimi qələmə verənlər susmalıdı. Bizdə “Qarabağ” və başqaları var. Çox təəssüf ki, belə rəqabətsizlikdən çıxan Ağdam klubunun Avropada nəhənglərə dirəniş göstərməsi mümkünsüzdü. Məhz bunun nəticəsində təmsilçimizin qitədəki çıxışında da ciddi geriləmə var, hələ xal toplaya bilməyib. Digər klublarımız “Qarabağ”a yaxınlaşa bilmədikcə, onu öz səviyyələrinə endirməkdədilər. Tezliklə çempionumuzun Avropadakı uğurlu seriyası qırılsa, qruplardan kənar qalsa, təəccüblənməməliyik.
Tur bugünkü matçlarla davam edəcək. “Qarabağ” isə rahat qələbədən sonra Avropa Liqasında növbəti ümidsiz matça hazırlığa başlaya bilər. “Sivasspor”la oyunda “Sumqayıt”la matçdakı eksperimentlər fiaskoya səbəb olar. Amma ağdamlıların başqa yolu da qalmayıb – zədəli çox, vaxt azdı.
FƏRİD
- Müsahibə7 saat əvvəl
“Keşlə”də daha bir gərginliq – Qurbanov işə qalmaqalla başladı
- Ölkə futbolu8 saat əvvəl
Bəhlula elçi düşən 130 yaşlı “Veyle” – ona 5 min avro təklif edib
- Ölkə futbolu8 saat əvvəl
“Qarabağ” Mahirlə bağlı qərar verdi, Geryeni cəzalandırdı
- Digər9 saat əvvəl
Cəbrayılın Göyərçin Veysəlli kəndi – VİDEO