Ölkə futbolu
Oynatmamaq oyunu

Nəticə qolsuz bərabərlik olsa da, matçın qalibi “Zirə” sayılmalıdı. Çünki qəsəbə təmsilçisi “Neftçi” ilə oyuna bir xal üçün gəlmişdi və istəyinə çatdı.
Premyer Liqanın 11-ci turunun açılış matçı zövq vermədi. Samir Abasovla Rəşad Sadıqovun komandalarından daha baxımlı oyun gözlənilsə də, heç kim risk etmədi. Tərəflər top buraxmamağın qayğısına daha çox qaldı və ehtiyatlı oyun tərzi heç-heçəni şərtləndirdi.
Hər iki tərəfdə cəzalı, zədəli və koronavirus xəstəsi olan futbolçular var idi. Amma bu, məşqçilərə matça döyüşkən heyət buraxmağa mane olmamışdı. Əksər legionerlər iş başında idi və hansısa mövqedəki çatışmazlığa rotasiya edilməmişdi. Bununla belə, tərəflərin hücumda hominal forvardlara yer verdiyi qeyd olunmalıdı.
Abasov “Neftçi”ni 5 müdafiəçili sistemə alışdırmağa çalışır. Qəbələdəki debüt oyununda 4:1 hesablı qələbəyə sevinən bakılılar bunun faydasını gördü. Cinah hücumlarına üstünlük verən “Zirə” ilə görüşdə də bu taktika fayda verməli idi. Amma qanadlar vasitəsi ilə hücum qurmağı sevən iki məşqçi bu dəfə məhz elə bu zonada “kilidləndi”. Tərəf daha çox rəqibi oynatmamağa üstünlük verdiyindən oyunda təhlükəli qol epizodu kifayət qədər az oldu.
Daha çox taktiki savaşın getdiyi matçda topla qismən çox davranan “Neftçi”nin hücumçuları “mərmi”ni üzüqapıya top qəbul edə bilmədi. Çünki “Zirə”nin oyunçuları meydan boyu pressinq tətbiq etməklə məşğul idi, xüsusilə öz cərimə meydançası önündə rəqibə fikirləşməyə imkan vermirdi. Elvin Camalov və İlkin Muradovun simasında iki dayaq yarımmüdafiəçisi ilə çıxış edən “qartallar”da Riçard Almeyda da vaxtının çoxunu top almağa sərf etdi. Təbii ki, bu da hücum planında axsamalara səbəb olurdu.
Sərt pressinqin “Zirə” futbolçularından böyük güc aldığı aydın idi. Məhz buna görə oyunun son 20 dəqiqəsi “Neftçi”nin aşkar üstünlüyü ilə keçdi. Rəşad Sadıqov yarımmüdafiəni yeni oyunçularla gücləndirdikdən sonra rəqibindən arzulanan xalı qoparmağı bacardı. Meydan sahibləri Prins İbarranın oyuna qoşulmasından sonra hücumda rəngarəng görünməyə başlasa da, 90 dəqiqə ərzində rəqib qapıçıya ciddi problem yarada bilmədilər.
“Zirə”də Lazar Corceviçin cəzalı olması üzündən start heyətində yer alan Cəlal Hüseynovun oyununu qeyd etməyə dəyər. Bəzi epizodlarda səhvləri olsa da, Azərbaycan futbolunda yaxşı mərkəz müdafiəçisi yetişdiyini deyə bilərik. Heyətdə itkilər çox olmasaydı, gənc oyunçunun 90 dəqiqə oynayacağına əmin deyiləm. Lakin “Zirə”nin qazancı xaldan çox məhz belə oyunçulardı.
Matçdan sonra hər iki məşqçi qol epizodlarının az olması ilə razılaşdı və oyuna uduzmamaq üçün çıxdıqlarını etiraf etdilər. Nəticə tərəfləri – xüsusilə də qonaqları – razı salmalıdı. Hər ikisi liderlər qrupunda qaldı, avrokuboklara düşmək üçün səylərini davam etdirirlər. Lakin “Neftçi”yə qələbə daha vacib idi. “Qartallar”dan fərqli olaraq, “ağ-qaralar”da hədəf çempionluqdu.
FƏRİD