Müsahibə
Azərbaycana dəstək verən komandanın məşqçisi – “Heç nədən qorxmuram”

Rusiyanı təmsil edən “Parus Savinovo” komandasının üzvlərinin qazandıqları qələbəni Azərbaycana həsr etməsi ölkədə maraqla qarşılandı. Adamın ürəyinə yağ kimi yaxılan gələcəyin futbolçularının əsgər salamı ilə “yaşasın, Azərbaycan” deməsiydi. Sanki özləri də azərbaycanlıymış kimi ürəkdən, ürəklərinin dərinliyindən gələn səslə…
Bu komandanı Bakıda anadan olub karyerasının ən gözəl çağlarını burda keçirmiş (“Şirvan” (Şamaxı), “Araz” (Bakı), “Avtomobilçi” (Yevlax), İnşaatçı (Sabirabad), “Bakı Fəhləsi”, “ANS Pivani”, “Dinamo” (Bakı) Vladimir Kopeykin çalışdırır. 56 yaşlı mütəxəssislə danışmaq qərarına gəldik.
– Atdığınız addım Azərbaycanda xeyli alqışlandı. Həqiqətən də əla düşünmüşdüz. İdeya sizin idi?
– İdeya olaraq, hə. Çoxdan belə bir fikrim var idi. Lakin burda maraqlı olan videoda gördüyünüz uşaqların fikrimi dəstəkləməsi, ideyaya isti yanaşmasıydı.
– Sizə görə?
– Tək mənə görə deyildi. Keçən ilin dekabrında, düz 1 il əvvəl bu komandanı təlim-məşq toplanışı üçün Bakıya aparmışdım. Bizi orda yüksək səviyyədə qarşıladılar, sözlə ifadə olunması mümkünsüz qonaqpərvərlik göstərdilər. “Ruslan-93”də qaldıq, sözlə ifadə edilməyəcək qədər əla idi hər şey. Hələ də başa düşə bilmirəm ki, ora niyə boşdur, niyə komandalar məskunlaşmır? Otaqlar, şərait, qidalanma – ideal. Bakıda 5 yoldaşlıq görüşü keçirmişdik – 4 qələbə, 1 heç-heçə. İnanırsız, rəqiblər arxamızca avtobusa qədər göndərirdilər. Uşaqlar gördüklərindən şoka düşmüşdülər. Kazana qayıtmışdıq, hələ də Bakıda gördüklərindən danışırdılar. Ona görə də müharibə vaxtı həyəcan keçirirdilər, Azərbaycan üçün yaxşı bitməsini istəyirdilər. İdeyamı onlara çatdıran kimi “ura” deyib, qışqırdılar.
– Valideynləri arasında narazılıq edən olmadı?
– Xeyr-xeyr. Dediyim kimi, uşaqlar evə gələndən sonra Bakıda gördüklərindən danışırdılar. Balasının xoşbəxtliyini, xoş gününü görən hansı valideyn qarşı çıxar? Əksinə, onların da ürəyincə oldu. Deyirlər, yenə nə vaxtsa Azərbaycana getsəz, biz də öz hesabımıza gedəcəyik (gülür).

– İçinizdə bir qorxu, narahatlıq yox idi?
– Nəyə görə?
– Videonun sizə problem yaradacağına görə. Hər halda Rusiyadasız, iki ölkənin münaqişəsində tərəflərdən birini dəstəkləmisiz.
– Birincisi, mən heç nədən qorxmuram. İkincisi, mən bakılı balasıyam və komandamın qələbəsini ölkəmə, xalqıma həsr etmişəm. Kimə həsr etməliydim? Belədə mənə kim problem yarada bilər?
– Klubdan, şəhər rəhbərliyindən, nə bilim…
– Fikrimcə, belə bir şey olmayacaq. Önəmli olan uşaqların bunu sevərək, istəyərək etməsidir.
– Kazandasız, hə?
– Bəli.
– 44 günlük müharibə vaxtı orda vəziyyət necə idi? Ermənilərlə münaqişə-falan…
– Bura müsəlman ölkəsidir. Ermənilər çox azdır, bizimkilər çox. Bazara gedəndə də azərbaycanlıların olduğu yerə yaxınlaşıram.
– Az öncə “bakılı balasıyam” dediz. Bakılı balası niyə Bakıda yox, Kazandadır?
– Anam, bacım, qardaşlarım – hamısı Bakıdadır. Mənimki də belə gətirdi.
– O mənada soruşmurdum. Sualımın canı niyə Azərbaycanda yox, Tatarıstanda işləməyinizdir?
– Azərbaycanda olanda yerli komandalarda işləyirdim. AZAL-da, “Şahdağ”da, “Bakılı”da, “Səbail”da çalışmışam. Sadəcə, ailə qurdum və bura gəldim. Xanımım da bakılıdır, amma Kazanda yaşayırıq.
– Baş məşqçisiz deyəsən.
– Bəli, 2003 doğumluların komandasında baş məşqçiyəm. Bir də “Parus Savinovo” məktəbində qapıçılarla çalışan məşqçi.
– Çoxdan getmisiz burdan?
– 2-2,5 il olar. (Offsideplus)
