Ölkə futbolu
Təcili müzakirə: AFFA çempionatla bağlı qərar verəcək

AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək. Toplantı milli assosiasiyanın təşəbbüsü əsasında gerçəkləşəcək. İclas koronavirus infeksiyası ilə əlaqədar Premyer Liqanın XII turunun oyunlarının təxirə salınması fonunda çağırılıb.
Tədbir bu gün saat 15:00-da başlayacaq. Aydın məsələdir ki, çempionatın ikinci dövrəsinin son 2 turunun təxirə salınması gündəmdədir və müzakirələr həm də bu ətrafda aparılacaq. Koronavirusa yoluxma hallarının artması və bütün klublarda xəstəliklə mübarizə aparan futbolçuların olması gecikmədən yeni qərarların alınmasını zərurətə çevirir.
Gündəlikdə olan digər məsələ ölkə kubokunun vaxtının dəyişdirilməsi ilə bağlıdı. Təqvimə əsasən, yarışın 1/8 final mərhələ oyunları dekabrın 24-də keçirilməlidir. Həmin gün “Səbail” – “Zaqatala”, “Turan Tovuz” – “Qəbələ”, “Sabah” – “Kəpəz” və “Qaradağ Lökbatan” – “Zirə” cütləri üz-üzə gəlməlidir. PFL indi kubok və Premyer Liqa oyunlarının yerini dəyişmək, 4 cütlüyün qarşılaşmasını ayın 13-14-də keçirmək istəyir.
Bu, indiki məqamda reallığa daha yaxındır. Hər halda PFL-in prezidenti Ramin Musayev ertələnmə qərarının lehinədir. AFFA-da isə belə fikirləşmirlər. İcraçı vitse-prezident Elxan Məmmədov tələsməməyi məsləhət görür. Onun fikrincə, burada UEFA-nın tövsiyələri əsas götürülməlidir. Avropa futbol qurumunun mövqeyi isə ondan ibarətdir ki, virusa gündəlik yoluxmanın sayından asılı olmayaraq, daxili çempionatlara ara verilməməlidir. Başqa sözlə, təşkilat tibbi meyarlara və qaydalara riayət etməklə, yarışmaların keçirilməsində maraqlıdır.
AFFA ehtiyat edir ki, Premyer Liqa “taym-aut” götürsə, UEFA-nın qəzəbinə tuş gələcək. Axı, ötən mövsüm başa çatdırılmadı, avrokuboklar iştirakçıları martdakı sıralamaya əsasən müəyyənləşdirildi (sportinfo.az).