Ölkə futbolu
Klublar 2 cəbhəyə bölündü: dördü davam etmək, dördü ertələmə istəyir

AFFA Premyer Liqanın taleyi ilə bağlı qərar verə bilmədi. Dünən keçirilən iclasın yekununda ciddi fikir ayrılığı yarandığından məsələnin daha bir dəfə müzakirə edilməsi lazım bilinib.
Futbolinfo.az xəbər verir ki, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunlarının təxirə salınması nəzərə alınaraq, AFFA, PFL və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçirilib. Dünənki iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri (“Neftçi”, “Keşlə” və “Zirə” klubu eyni zamanda baş məşqçi ilə də təmsil olunub), AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və digər AFFA rəsmiləri iştirak ediblər.
Maraqlıdı ki, klublar tan şəkildə 2 cəbhəyə bölünüb. “Qarabağ”, “Zirə”, “Qəbələ” və “Səbail” mövsümün davam etdirilməsinin tərəfdarıdı. Gördükləri tədbirlər nəticəsində hazırkı vəziyyətdə ən yaxşı durumda olan bu klublar qışa kimi nəzərdə tutulan 3 turun oynanılmasını istəyir. Onlar artıq kritik həddin keçildiyi qənaətindədi.
“Neftçi”, “Sumqayıt”, “Keşlə” və “Sabah” isə mövsümün dayandırılmasını, yarışa yanvardan davam edilməsini məsləhət bilir. COVİD-19-a yoluxanların əksəriyyətini düşərgəsində cəmləyən “dördlük” heyət çatışmazlığından əziyyət çəkəcəklərini bilir və hamıya eyni şərait yaradılması üçün mövsümün ilk yarısının erkən bitirilməsində maraqlıdı.
Hər iki tərəf fikirlərini əsaslandırmağa çalışıb, müxtəlif arqumentlər səsləndirib. AFFA rəhbərliyi isə fikir ayrılığını və cəbhələşmədə tərəflərdən heç birinin mütləq əksəriyyət təşkil etməməsini nəzərə alaraq, daha bir iclasın keçirilməsinə qərar verib. 2 gün ərzində son vəziyyət dəyərləndiriləcək, ölkədəki durum, statistikanın tempi nəzərə alınacaq və yekun nöqtə qoyulacaq. Sabah planlaşdırılan növbəti görüşdə Premyer Liqanın taleyi qəti müəyyənləşəcək.
İclasda yarışın davam etdirilməsi üçün 2 variant müzakirə olunmalıymış. Bir varianta görə, dekabrın 11-də kubokun /8 final matçları reallaşmalı, ardınca 3 tur sırasıyla keçirilməliydi. Əslində, bu, ağılabatandı. Belə olduqda koronavirusa yoluxan bir çox futbolçu çempionat matçlarına kimi sağalacaq, kubokdakı rəqiblər divizion komandaları olduğundan, onlara qarşı nisbətən zəif heyət də çıxarmaq olar. İkinci variant kubok matçlarının gələn ilə sağlanılması, Yeni İlədək 3 turun oynanılmasıdı.
Lakin 4 klubun ümumiyyətlə, oynamaq istəməməsi ilə bu variantlar arxa plana atılıb. Dekabrın 9-da çempionatın davam etdirilməsi qərara alınsa, bu variantlardan birinin reallaşdırılması müzakirə ediləcək. Əks halda, hər şey gələn ilə qalacaq.