“Neftçi” klubu ilə yollarını ayıran Donald Gerye karyerasını xaricdə davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
O bildirib ki, 31 yaşlı cinah oyunçusunun klubla vidalaşması hay-küylü məsələ deyil. Klub rəsmisi Gerye ilə müqavilənin 1+1 illik olduğunu xatırladıb: “Biz klub olaraq onu komandada saxlamaq istəsəydik, bunu edərdik. Deyə bilərdik ki, artıq növbəti ilin müqaviləsi qüvvəyə minir, bütün şərtlərlə klub olaraq razıyıq. Lakin ümumi qərar bu oldu. Gerye də bildirdi ki, ona başqa xarici klubdan yeni təklif var. Oturduq danışdıq və qərara gəldik ki, sağollaşaq”.
“Növbəti 8 oyunda meydana çıxmalı idi. Amma bildirdi ki, oynamaq istəmir. Biz də dedik ki, belədirsə, gedə bilərsən. Klubun ona qarşı müəyyən maddi öhdəlikləri var idi. O məsələ də həll edildi” deyə Allahverdiyev əlavə edib. (Report)
Qeyd edək ki, Donald Gerye “ağ-qaralar”la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı. Daha əvvəl “Qarabağ” (2017 – 2019), Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb. Onun “Qarabağ”a qayıdacağına dair xəbərlər dolaşırdı.