Milli komanda
Yanacağın qiymətinin qalxmasına səbəb olan futbol biznesi

Riad Rəfiyev maxinasiyaları üçün yeni vasitə/vasitəçi tapıb. “Sumqayıt”ın prezidenti olduqdan sonra menecerliyi arxa plana keçirməyə məcbur olan bu şəxs rahat qazanc gətirən sahəni əldən verməmək üçün başqa yol fikirləşib.
Artıq rəsmi müqavilələrə imza atıb, menecer haqqı götürmək risklidi. Bu əməli ifşa olunsa, ona ciddi problem yarana bilər. Ona görə də imza atdırmaq üçün başqa birini tapıb, indi ona müəyyən məbləğ ayıracaq, qazancın əsas hissəsinə yenə özü sahib çıxacaq.
Ötən günlərdə bəlli oldu ki, futbolçu karyerasını başa vuran İlqar Qurbanov skaut kimi çalışacaq. Yığmanın sabiq üzvü müsahibəsində görəcəyi işlərlə bağlı açıqlama da verdi. “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”, həmçinin Türkiyədə “Sivasspor”, “Boluspor” və “Mersin İdman Yurdu” kimi komandaların formasını geyinmiş oyunçu faktiki özü üçün yeni post icad etdirib: “AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşmək istədim, bu, baş tutdu. Futbolumuza hansı işdə köməkliyim ola biləcəyi məsələsini müzakirə etdik. Skaut işi müzakirə obyekti oldu. Onlar da bu təklifi gözdən keçirdilər. Sonda bu vəzifəyə təyin olundum”.
Birillik müqavilə bağlayan Qurbanov bütün milli komandalar üçün oyunçu seçəcək. Əsasən ölkə xaricindəki azərbaycanlıları izləmək indi onun vəzifəsidi. Və İlqar özü də etiraf edir ki, bu sahədə özünü inkişaf etdirmək niyyətindədi. Bir növ milli komandaya sınaq meydanı kimi baxır – skaut işi ilə bağlı heç bir təcrübəsi yoxdu, öyrənməyə gəlib.
Bütün bunlar Riad Rəfiyevin illərdi gördüyü işdi. Daha doğrusu, görmək istədiyi, amma bacarmadığı. Bacarmamasının da səbəbi bəd niyyəti, şəxsi mənfəəti, tamahıdı. O, hər bir futbolçuya potensial qazanc mənbəyi kimi baxır, kimisə ölkə futboluna qazandırmaq sonranın işidi.
O ki qaldı Qurbanova, veteran futbolçumuzun irəli çəkilməsi müsbət məqamdı. Lakin İlqar bacarıqlı olduğu üçün yox, məhz dostbazlıq, tanışbazlıq üzündən vəzifəyə gətirilib. Bu şəxs Riad bəyin ailəvi dostudu, son illər şərikli işləri də olub. Məhz ona görə də işsiz qalan onlarla veteranın içindən məhz o seçilib – fasilə vermədən, təri qurumadan.
İlqar son mövsümü “Sumqayıt”da keçirdi. Baş məşqçi Ayxan Abbasov üçün hətta əvəzedici kimi də faydasız idi, cəmi bir neçə dəqiqə meydanda oldu. Amma “kimyaçılar”dan bir il əziyyət çəkmədən yüksək maaş aldı. Çünki klubun prezidenti dostu Rəfiyev idi. Riad bəy büdcə çatışmazlığını bəhanə edərək “Sumqayıt”a ikinci hücumçunu almadı, komandanın nəticələrinin daha yaxşı olmasına çalışmadı. Əvəzində dostunu, şərikini dolandırmaq üçün vəsait tapdı.
Və indi Qurbanov milli komandalara skaut təyin olundu. Çünki Rəfiyevin fəaliyyətini leqallaşdırmaq lazımdı. Skaut vəzifəsi bu qədər vacib idisə, ötən illər ərzində niyə bu post təsis olunmamışdı? Deməli, dosta, tanışa, biznes maraqlarına görə hər hoqqadan çıxa bilirlər.
Ümumiyyətlə, İlqar bu vəzifəyə layiqdimi? Hansı təhsili, hansı biliyi var ki, məhz onun üçün ştat açılır? Skautun menecerlik bacarığı, futbolçu seçmək üçün müəyyən məşqçi savadı olmalıdı. Qurbanov isə butsunu çıxarıb, kresloya əyəşəcək – futbolçu düşüncəsi ilə. Milli üzvü kimi məcburi C kateqoriyası ala bilər, amma milli komanda poliqondumu ki, hər iş istəyən buraya göndərilsin? Onun bacarığı olsaydı, Riad bəy eyni postu “Sumqayıt”da təsis edər, dostunun təcrübə yığmasına yardım göstərərdi. Uğurlu olacağı halda, zamanla milli komandaya cəlb oluna bilərdi. Amma işə əsas komandadan başlayırlarsa, deməli, başqa maraqlar var.
Bu maraqların nədən ibarət olmasını bircə faktla izah edək, qalanını özünüz düşünün. Araz Abdullayev sentyabrda “Boluspor”a transfer olundu. Onu klubsuz ola-ola yığmaya cəlb etdirdilər, bir neçə dəqiqə oynatdılar və yarımmüdafiəçi Türkiyə klubuna keçdi. Klubsuz olarkən israrla milliyə cəlb edilən Araz Boluya getdikdən sonra yada düşmür. Çünki missiya bitib, transferi reallaşdırdılar, pullarını qazandılar, gerisi onlara maraqlı deyil. Məqsədləri üçün milli komandanı da oyuncağa çevirdilər.
Əcəba, niyə Araz və niyə “Boluspor”? Rəfiyevlə Qurbanovun yeni biznes ortaqlığının təməli elə bu keçidlə atıldı. Riad bəy “Sumqayıt”ın prezidenti ola-ola Abdullayevin şəxsi meneceridi, onu Kiprdən Yunanıstana kimi gəzdirən, hər dəfəsində böyük məbləğlər qatlayan adamdı. İlqar isə “Boluspor”da oynayıb, bu klubla əlaqələri var. Futbolçunun maaşını ödəməyi Rəfiyev AFFA-nın boynuna yıxdı, Qurbanov isə Boludakı dostlarına havayı oyunçu qazandırdı. Ortada SOCAR-ın pulları havaya sovruldu, əhəmiyyətli hissəsi bu iki şəxsin cibinə axdı. Bəs, Azərbaycan futbolu bu transferdən nə qazandı? Heç nə!
Təqdim etdiyimiz FOTOFAKT hər şeyin isbatıdı. Türkiyəli menecer Tekin Birinci sosial şəbəkədəki paylaşımında Arazın transferində əmək sərf edənin İlqar Qurbanov olduğunu yazıb. Deməli, Rəfiyevin biznes imperiyasının gizli üzvü, “Sumqayıt”ın oyunçusu hələ karyerasını bitirməmiş artıq menecerlik edirmiş.
İlqar həm də AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun bacısı oğludu. Lakin bu seçimə görə İsgəndər bəyi qohumbazlıqda qınaya bilməyəcəyik. Elə olmasaydı, hər gün AFFA-nı tənqid edən qardaşı oğlu Vaqif Cavadova da belə imkan yaradardı. Burada şəxsi əlaqələr, dostluq münasibətləri rol oynayıb. İllərdi karyerasını bitirən, iş üçün fəryad edən başqaları yox, məhz Rəfiyevin ailəvi dostu seçilibsə, deməli, niyyət təmiz deyil.
SOCAR xərcləsin, 1-2 müftəxor cibini doldursun və biz də Azərbaycan futbolunun niyə inkişaf etmədiyini düşünək. Məhz belələrinin üzündən SOCAR-ın borcları yaranır, milyonlar havaya sovrulur, sonra isə həmin “itmiş” pulların yerinii doldurmaq üçün yanacağın qiyməti qaldırılır, camaatın cibi soyulur.
FƏRİD

