Müsahibə
Kane Medinanın onu vurmasından danışdı: “Hakim düzgün qərar vermədi”

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kanenin futbolinfo.az saytına müsahibəsi
- “Qarabağ”la matçda vacib qələbə qazandınız. Bu qarşılaşma komandanın motivasiyasını yüksəltdi?
- Bu, derbi matçı idi. Bilirsiz ki, derbi hər zaman çətin və gərgin oyun olur. Bu səbəbdən maraqlı qarşılaşma idi. Meydana qələbə üçün çıxmışdıq və qalib gəldik. 3 xalı qazandığımıza görə sevindik. Çünki “Qarabağ” güclü rəqibdir, onlara qarşı oynamaq hər zaman çətindir.
- Matçın gedişində Ömər Buludov qırmızı vərəqə aldı və onun mövqeyində çıxış etdin. Bu, çətinlik yaratmadı?
- Ömər Buludov erkən qırmızı vərəqə aldığından baş məşqçi məndən soruşdu ki, onun mövqeyində çıxış edə bilərsən. Dedim ki, oynaya bilərəm. Həmin mövqedə oynadım. Mənim tək istəyim komandaya kömək etmək idi. Komandaya xeyrim dəyibsə, buna ancaq sevinə bilərəm.
- Qarşılaşmanın gedişində sən də qırmızı vərəqə gördün. Hakimin həmin qərarını necə dəyərləndirirsən?
- Fikrimcə, hakim tərəfindən düzgün qərar verilmədi. Çünki derbi oyununda belə şeylər, gərginlik olur. Hər halda referi qırmızı vərəqə göstərməyə bilərdi. “Qarabağ” kimi komandaya qarşı azlıqda oynamaq həqiqətən ağırdır. Ömərlə məndən başqa, Stankoviç də “qırmızı” aldı.
- Kevin Medina ilə aranızda nə baş vermişdi?
- Həmin an Kevin Medina mənə nəsə dedi. Ayağa qalxıb ona yaxınlaşdım ki, niyə pis sözlər deyirsən? Nəticədə Medina mənə baş zərbəsi endirdi. O da qırmızı vərəqə aldı, mən də.
- “Qarabağ” üzərində qələbə çempionluq yolunda sizə nə qədər yardım edəcək?
- Düzdür, yaxşı bir qalibiyyət əldə etdik. Lakin bu hələ hər şey demək deyil. Qarşıda xeyli oyun var. Matçdan matça daha da yaxşı olmalıyıq. Qələbələrin sayını çoxaltmaq lazımdır. Yalnız bundan sonra çempionluq haqqında düşünmək olar. Qarşıda bizi çətin matçlar gözləyir. Üzərimizdə işləməliyik və həmin oyunlara hazır olmalıyıq.
- Geridə qalan 16-cı turda “Qəbələ”ni çətinliklə məğlub etdiniz. Necə düşünürsən “Neftçi”nin çətin oyunla qalibiyyət qazanmağının səbəbi nə idi?
- “Qəbələ” yaxşı komandadır və mübarizə aparırlar. Biz də matça pis başlamamışdıq. Sadəcə, bir çox oyunçumuz meydanda yox idi. Bilirsiniz ki, zədəlilər və cəzalılar çox idi. Bu, bizə çətinlik yaratdı. Lakin son dəqiqədə də olsa, qol vurub qalib gəldik. Mübarizə apardıq və istədiyimizə nail olduq.
- “Neftçi”nin ən yaxşılarından biri sayılırsan. Öz oyunun haqqında şəxsi fikirlərin necədir?
- Mən bunu deyənlərə təşəkkür edirəm, amma özüm belə düşünmürəm. Fikrim yalnız komandanın qələbəsində, oyunundadır. Biz komanda şəklində meydana çıxırıq. Hər matçdan matça daha da yaxşı oynamalıyıq, çalışmalıyıq. Özüm də öz üzərimdə işləyirəm və istəyirəm ki, daha çox “Neftçi”yə xeyrim dəysin.
- Samir Abasov komandada nəyi dəyişdi ki, komanda uğurlu və yüksələn qrafiklə oynamağa başladı?
- Samir Abasov çox yaxşı məşqçidir. O heç zaman çalışmağı dayandırmır. Hər zaman daha yaxşı işləmək istəyir. Ən əsası isə o komandanın mentalitetini dəyişdi. Bizə yalnız qalibiyyət haqda düşünməli olduğumuz aşıladı. Belə deyim ki, komandada qalib ruhunu yaratdı.
AĞA