Müsahibə
“Burda elə də böyük bir problem görmürəm” – Cavid İmamverdiyev

“Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyevin futbolinfo.az-a müsahibəsi
- Zirə ilə matçdakı 0:0-lıq nəticə sizi qane etdimi? Doğma meydanda oynayırsız və ən azı 3-lüyə düşmək üçün mübarizə aparırsız və bu yolda Zirə də əsas rəqibərinizdən biridir.
- “Zirə” ilə oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibin ötən həftə lider “Neftçi”ni məğlubiyyətə uğratdığını bilirdik. Bu oyunda rəqibdən üstün oyun nümayiş etdirmişdik. Hər iki hissədə qol vurmaq üçün imkanlarımız oldu. Təəssüf ki, 3 xala sevinə bilmədik. Ümumi götürsək, oyunun yekununda 1 xal qazanmağımızı da pis nəticə saymaq olmaz. Əsas odur ki, məğlub olmadıq və yolumuza davam edirik. İnşallah, mövsümün yekununda istədiyimiz nəticəni qazanarıq. Bütün komanda olaraq buna çalışırıq.
- Son 3 turda qələbə üzünə həsrətsiz. Bunun səbəbini nədə görürsən?
- Hazırda 4-cü pillədə qərarlaşmışıq. Burda elə də böyük bir problem görmürəm. Baş məşqçimizin bizə verdiyi tapşırıqları əlimizdən gəldiyi qədər komanda şəklində yerinə yetirməyə çalışırıq. İnşallah növbəti oyunlarda qələbə qazanarıq.
- Artıq turların sayı azalır. Avrokuboklar üçün mübarizə aparan klub artıq daha inamlı oynamalıdır. Səncə, qarşıdakı oyunlarda qalib gələ biləcəksiz?
- Həmişə oynadığımız qarşılaşmalarda əsas hədəfimiz 90 dəqiqə mübarizəmizi aparıb, 3 xalı qazanan tərəf olmaqdır. Komandamızın imici üçün bacardığımızı meydanda göstəririk. Çox yaxşı kollektivimiz var. İnşallah növbəti oyunlarda qələbələrlə azarkeşlərimizi sevindirəcəyik.
- Sənin də oynadığın “Sabah”a qarşı növbəti turda çıxış edəcəksiz. Sabiq komandana qalib gələ biləcəksiz?
- “Sabah” autsayderlər sırasında olsa da, güclü rəqiblərdən biridir. Heyətində milli komandamızın bir neçə futbolçusu yer alır. Reallıqla danışsaq, bu gün bizim çempionatda zəif rəqib anlayışı yoxdur. Digər komandalara qarşı necə hazırlaşırıqsa, “Sabah”a qarşı da o cür hazırlaşacağıq. Ümid edirəm ki, matçın yekununda sevinən tərəf biz olacağıq.
- Son turlarda əvəzetmədən meydana çıxırsan. Özünü hazır hiss etmirsən, yoxsa məşqçi seçimidir?
- Çox yaxşı baş məşqçimiz və komandamız var. Bütün futbolçular meydanda əllərindən gələni edirlər. Mən də öz növbəmdə meydanda olduğum müddətdə komandam üçün var gücümlə mübarizə aparıram.
FƏRİD