Ölkə futbolunda problem həddindən artıq çox, çatışmazlıq xirtdəyə qədərdi. Hər yerdə, hər şeydə ciddi qüsurlar var. Amma yaxşı əməllər, təşəbbüslər də qeybə çəkilməyib.
Son turun bütün matçlarına baxa bildiksə, buna görə “CBC Sport”la yanaşı Peşəkar Futbol Liqasının əməkdaşlarına təşəkkür etməliyik. Milli komandalarının toplanışı üzündən turun eyni günə salınan bütün oyunlarını izləmək imkanı qazandığımız üçün əmək sərf edən insanlar oldu.
Əslində, 2 idman kanalı olan ölkədə cəmi 4 matçı ekrana gətirmək problem olmamalıdı. Nə yazıq ki, küsdürülmüş “İdman Azərbaycan” kənarda saxlanılır, “CBC Sport”un texniki imkanları isə yetərincə deyil. Sonuncuların bütün oyunları efirə daşıması, ən azı – Çempionlar Liqasında olduğu kimi – bəzi oyunları saytı vasitəsilə yayımlaması da mümkündü. Lakin çəkiliş qrupları, müvafiq texniki avadanlıqlar kifayət qədər deyil.
Boşluğu doldurmaq üçün PFL əlini daşın altına qoyub. Bir gözümüzün televizorda, digərinin kompüterdə olması anormallıq sayılsa da, heç olmamasındansa bu yaxşıdı. Və PFL işinin öhdəsindən yaxşı gəlir. Bu həftə ikisi Premyer Liqadan olmaqla, 5 matçın qurumun “yutub” kanalı vasitəsi ilə yayımlanması böyük uğurdu. PFL-in kiçik kollektivi fevralın 23-də Zaqataladan, ertəsi Binə və Tovuzdan, 25-də Qəbələ və Masazırdan canlı yayım etməklə fədakarlıq göstərdi. Daha böyük, müqayisəolunmaz imkanlara sahib idman kanallarımız I diviziona, bölgələrdəki oyunlara diqqət göstərmədiyi halda futbol qurumunun kiçik imkanlarla bunu bacarması alqışlanmalıdı.
Pis olan matçların bir kamerayla çəkilməsi, bu üzdən təkrarların göstərilməməsi, oyunların şərh edilməməsidi. Lakin bunlar imkana bağlı olan məsələlərdi. PFL-in fədakarlıq edən əməkdaşlarına daha çox diqqət edilsə, dediklərimiz onlar üçün rahat həll ediləsi çatışmazlıqlardı.
Həftənin telemənzərəsinə nəzər salsaq, yayımladıqları oyunların sayına görə yazıya “PFL – 5, “CBC Sport” – 2” başlığını qoymalıydıq. Amma yayım keyfiyyətini nəzərə alaraq, telekanalın əziyyətinə kölgə salmaq istəmədik, bu rəqəmlər onların qiyməti olmasın.
FƏRİD

