“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevin futbolinfo.az saytına müsahibəsi

  • Son turda “Zirə” ilə matçda nəhayət ki, komanda mövsümdə ilk xalını qazandı. Səncə, bu xal komandaya təkan olacaq?
  • Bu heç-heçənin nəyəsə təkan verib-verməyəcəyini deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, biz hər oyunumuza qələbə üçün çıxırıq. Bütün komandalar üçün eniş-yoxuşlar olur. Lakin biz dayanmırıq, öz üzərimizdə işləməyə davam edirik.
  • Komandanın mövsümə uğursuz start verməsinin səbəbini nədə görürsən? Mövsümün əvvəli olduğu üçün belə nəticələr oldu, yoxsa sadəcə bəxtsizlikdi?
  • Yay fasiləsində komandanı 1-2 yox, xeyli sayda oyunçu tərk etdi. Düzdü, onların yerinə gələnlər də kifayət qədər yaxşı futbolçulardı. Lakin bizim bir-birimizə tam uyğunlaşmağımız üçün zamana ehtiyacımız var. Bizim çox mehriban kollektivimiz var. Premyer Liqada hazırkı vəziyyətimizlə barışa bilmərik. Birlikdə çalışaraq, hazırkı vəziyyətdən çıxacağıq.
  • Qarşıda uzun marafon var. Səncə, bu itirlmiş xalları sığortalayıb daha yaxşı pillələrdə ola biləcəksiz?
  • Hamımız bunun üçün çalışırıq və əminəm ki, buna nail olacağıq.
  • Konkret olaraq komandanın builki hədəfi nədir?
  • Bizim öz hədəflərimiz var. Amma qoy bu komanda daxilində, öz aramızda qalsın.
  • Qarşıdakı oyununuz son çempion “Neftçi”yə qarşıdır. Səncə, qalib gələ biləcəksiz, yoxsa 1 xal da yaxşı nəticə sayılacaq?
  • “Neftçi” yaxşı futbolçuları olan əla komandadı. Lakin bayaq da dediyim kimi, biz bütün oyunlara yalnız qələbə üçün çıxırıq. Bir futbolçu və komanda kimi böyümək üçün başqa cür də ola bilməz.
  • “Zirə” ilə matçdakı qol epizodunuz çox müzakirə olundu. Bu epizod barədə “Sabah”ın oyunçusu kimi sənin fikirlərin necədir?
  • Meydanda hakim var. O qol qərarı verirsə, deməli qoldur. Həmin vaxt əks qərar verilsəydi belə, oyuna davam etməliydik. Hakim meydanda öz işini görür, biz futbolçular da həmçinin. Fikrimcə, hamı bir-birinin işinə hörmətlə yanaşmalıdır.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp