“Keşlə”nin 37 yaşlı qapıçısı Kamal Bayramovun futbolinfo.az-a müsahibəsi

  • Öncə, “Keşlə”nin adının “Şamaxı”ya dəyişməsi və ilk oyununu orada keçirməsi barədə fikirlərin necədir? Səncə, klub region amilindən istifadə edəcəkmi?
  • Region klublarında çıxış etmişəm, həmişə azarkeş baxımından atmosfer fərqli olur. Bu dəfə də eyni şeyin şahidi olduq. Düşünürəm ki, azarkeş amilinin nəticələrə də müsbət təsiri olacaq. Təki regionlarda komandaların sayı artsın. İlk oyun üçün əla ab-hava var idi. Təəssüf ki, qalib gələ bilmədik.
  • “Neftçi” ilə matçda komanda hesabı açdı, amma üstünlüyü qoruya bilmədi. Səncə, bunun səbəbi nə idi?
  • Bu suala daha yaxşı cavabı məşqçilər verə bilər. Sadəcə hesabda önə keçdiyimiz oyunda uduzduğumuz üçün üzgünəm.
  • Təcrübəli futbolçu kimi necə düşünürsən, bundan sonra komanda yaxşı nəticələr əldə edəcək və yuxarı pillələrə qala biləcək?
  • Son oyunlarda pis çıxış etmirik. Amma bunu hakimin son fitinə qədər davam etdirmək lazımdır. Ani diqqətsizlikdən sonra məğlub oluruq. Psixoloji olaraq üstünlüyümüzü sona qədər saxlamalıyıq. Bunu bacarsaq, niyə də yaxşı nəticələr gəlməsin?
  • “Şamaxı”da çox oynamaq şansı əldə etmirsən. Özünlə bağlı düşüncələrin necədir? Mövsüm də sona yaxınlaşır…
  • Meydana çıxdığım oyunlarda maksimum gücümü ortaya qoymuşam. Komandaya kömək etməyi özümə borc bilirəm. Düzdür, az şans qazanıram, bu da məşqçinin qərarıdır, hörmətlə yanaşıram. Fiziki və psixoloji durumum yüksəkdir. Mövsümün sonunda nə olacağı haqqında isə heç düşünməmişəm. Əlbəttə ki, oynamaq istəyirəm.
  • Artıq 37 yaşın var. Karyeranı başa vurmaq haqqında düşünürsən, yoxsa davam etmək niyyətindəsən?
  • Yox, karyeramı başa vurmaq haqqında heç düşünmürəm. Gücüm tükənməyib və bu il oynadığım oyunlarda bunu göstərmişəm. Siz də izləmisizsə, mənimlə razılaşarsız.
  • Qarşıda “Qarabağ”la ağır oyun var…
  • Çempionata baxanda görürük ki, asan oyun yoxdur. “Qarabağ”a qarşı oynamaq isə hər zaman maraqlıdır. Təki çempionatda onların səviyyəsində komandalar çox olsun. Daha maraqlı çempionat izləyirik. Düzü, “Qarabağ”la oynamaq digər komandalara qarşı oynamaqdan asandır. Konkret olaraq bilirsən ki, rəqib meydanda futbol göstərir və sən də ona qarşı normal çıxış etməlisən.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp