Yəqin ki, Rövnəq Abdullayevin istefası daha betər olacaq. Günlərin birində ona da AFFA prezidenti postundan ayrılması üçün yarım sutka vaxt verəcəklər. Bəlkə də haqlı olacaqlar. Fuad Musayevin, Ramiz Mirzəyevin başına gətirilənləri indi həmin əməlləri edənlər üçün səhnələşdirirlər.

Ramin Musayevin Peşəkar Futbol Liqasından bu şəkildə ayrılmasının nə dərəcədə ədalətli olduğunu deyə bilməyəcəm. Amma şəxsiyyət kimi o daha yaxşı, daha hörmətli vidaya layiq idi. Əsl azərbaycanlı kişisi, əsl vətənpərvər kimi Musayev layiqli yola salınmalıydı.

İş prinsipləri qəbulolunmaz ola bilər, bəlkə də diplomat deyildi, davranışlarında qüsurlar var idi. Elə bu şərtlərlə o, 14 il vəzifədə oldu, PFL-i sıfırdan qurdu, normal səviyyəyə çatdırdı. İnsafən, o və komandası şəraitin imkan verdiyi ortamda yaxşı işlə yadda qaldı. Musayevin ən böyük qüsuru kifayət qədər peşəkar olmamasında, problemləri daha çox öz metodları ilə yoluna qoymasında idi.

İstənilən halda, dəyişiklik baş verib və yeni mövsümün planlarını cızan Musayev bir anda postunu itirib. Rövnəq Abdullayevin istəyi ilə bir günün içində istefa verən Ramin bəy sağlamlığındakı problemləri əsas gətirib. Sabiq PFL prezidentinin həqiqətən sağlıq problemləri var, amma bu istefanın səbəbi başqadı.

Səbəb sağlamlıq olsaydı, ona bu qədər erkən əvəzedici tapılmazdı. Amma yenilər qurduqları oyunu özləri ifşa etməkdən, istefadan 2-3 saat sonra yeni təyinatı rəsmiləşdirməkdən çəkinmədi. Sanki postun bir neçə gün boş qalması ilə planlarının pozulmasından, ortaya başqa namizədlərin çıxmasından ehtiyat etdilər.

PFL-in Nizamnaməsini bugünədək kimsə görməyib, haradasa oxumayıb, hətta qurumun rəsmi saytında da yoxdu. Bununla belə, ümumi qaydalar var, PFL-in Konfransı çağırılırsa, əvvəlcədən elan olunmalı, seçki günü təyin edilməli, namizədlər bəlli olmalıydı. Musayevin istefasından həmən sonra xələfinin seçilməsi isə prosesin şəffaflığını qaranlığa atdı. Bu, seçki deyildi, təyinat idi.

Təəssüf ki, AFFA-ya yeni gələn qüvvələr əvvəlkilərdən fərqlənmir. Belə təyinatlar göstərir ki, onlar üçün qanunlar şah deyil, problemin həlli üçün saxtakarlığa da qol qoyurlar. Yaxşı ənənə deyil, Fuad Musayevdən üzü bu yana yola salınanların hamısına qarşı eyni cür davranılıb. Deməli, bir neçə ildən sonra yazdığımız bu cümlələrdə yalnız adlar dəyişəcək.

AĞA

Shares: