Hər mövsümün başlanğıcı istənilən ölkənin futbol həyatında bayrama çevrilir. Təbii ki, hər bir komandanın azarkeşi 9 ay ərzində öz sevimli futbolçularının çıxışını izləyəcəksə, start həyacanını təsəvvür etmək elə də çətin deyil.

 

Mövsümün təntənəli açılışını etmək üçün isə Superkubok oyunu təşkil etməkdən gözəl ideya ola bilməz. Bu, bir növ mövsümü səbirsizliklə gözləyən azarkeşlər üçün əsl hədiyyəyə çevrilir. Sanki nəhəng, sehirli malikanəyə daxil olarkən onun bəzəkli qapısını döyürsən.

 

Təəssüf ki, Azərbaycanda belə bir oyun təşkil olunmur. Əslində, futbolumuzun o qədər problemləri var ki, Superkubokun keçirilməməsini dərd etməyə dəyməz. Uzun illər Bakı çempionatını xatırladan Azərbaycan Premyer Liqasında bölgə komandalarının olmamasının əziyyətini çəkmişik. Üstəlik, çempionatda 8 komandanın oynaması da bir ayrı dərdə çevrilmişdi. Bu problemlərin yanında Superkubokun təşkil olunmaması nədir ki?! Amma bu o demək deyil ki, problemlər varsa, yaxşı bir ideya haqqında fikirləşməyə dəyməz.

 

Əslində, ideya bugünə qədər gerçəkləşməyən nəyisə həyata keçirməyə deyirlər. Azərbaycanda Superkubokun təşkili isə yeni sayıla bilməz. Çünki bizdə bu ənənə olub. İndiki məqamda sadəcə, onu bərpa etmək daha məqsədəuyğun olardı.

 

Dişlənib kənara atılan “tikələr”

Azərbaycanda ilk Superkubok oyunu 1993-cü il fevralın 21-də təşkil olunub. Adətən, Superkubok oyunları mövsümün startından bir həftə əvvəl təşkil olunursa, AFFA bu görüşü “qışın oğlan çağında” keçirməyi daha məqsədəuyğun sayıb. İlk ölkə çempionu “Neftçi” ilə kubokun qalibi Bakı “İnşaatçı”sı Sumqayıt şəhərində üz-üzə gəlib. Oyun “Neftçi”nin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:1.

 

Vacib qeyd: Əslində, o vaxt Superkubok oyunlarının adı AFFA-nın idi, matçı “Səhər” maliyyələşdirir, bütün təşkilatçılığı bu qəzetin kollektivi üzərinə götürürdü.

 

Növbəti il isə Superkubok öz sahibini tapsa da, oyunu keçirməyə ehtiyac qalmayıb. Ovaxtkı reqlamentə əsasən, bir komanda həm çempionluğu, həm də kuboku qazanırsa, avtomatik olaraq Superkubok ona qismət olurdu. Bu mənada “Qarabağ” hər iki turnirdə uğur qazandığından “nə yoğurur nə yapır, hazırca kökə tapır”. Halbuki, reqlamentə əl gəzdirib ya kubokun finalçısını, ya da ölkə çempionatının gümüş mükafatçısını “Qarabağ”ın qarşısına çıxartmaq olardı. Amma yenə də bu kuboku ləğv etməkdənsə, buna şükür etməliyik.

 

1993/94 mövsümündə Superkubok oyunun təşkili üçün şərait formalaşsa da, oyun çox qəribə bir səbəbdən baş tutmadı. Çempion “Turan”la ölkə kubokunun qalibi “Kəpəz” arasında oyununun baş tutmamasına isə AFFA-ya qarşı kiçik üsyan mane oldu. Belə ki, ölkə çempionatında çıxışını dayandırmaq fikrinə düşən “Neftçi” və ona tərəfdar çıxan klublar alternativ birincilik təşkil etmək qərarına gəldi. Belə bir vaxtda isə heç kim Superkubok haqqında fikirləşmədi.

 

Vəziyyət sabitləşsə də, növbəti mövsümdə yenə Superkubok oyunu baş tutmaya bilərdi. Bu dəfə səbəbkar “Kəpəz” oldu. Gəncə klubu 1994/95 mövsümündə çempionluğu bayram etsə də, nədənsə, Superkubok oyununa çıxmaqdan imtina etdi. Buna baxmayaraq, AFFA superkuboku ölkə kubokunun qalibi “Neftçi”yə verməkdənsə, çempionatda ikinci yeri tutan “Turan”ı onun qarşısına çıxartdı. Bu görüş də Sumqayıtda təşkil olundu və yenə də “Neftçi” azarkeşlərini sevindirdi. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdı, bakılılar penalti seriyasında daha sərrast oldu – 8:7. Bununla da mərhum Fuad Musayevin dövründə keçirilən Superkubok seriyaları başa çatdı.

 

2003-cü ildə Ramiz Mirzəyevin AFFA-nın prezidenti seçilməsindən sonra yenidən Superkubok oyununun təşkil olunması gündəmə gəldi. Hətta 2005-ci ildə bu görüşün təşkil olunması ilə bağlı plan da hazırlandı və oyun təqvimə salındı. Amma son çempion “Neftçi” ilə kubokun qalibi “Bakı” arasında oyun “təxirə salındı” adı ilə ləğv edildi. Bir sözlə, Mirzəyevin dövründə bəpra olunan ənənə beşikdəcə məhv edildi.

 

AFFA-nın növbəti prezidenti Rövnəq Abdullayevin dövründə isə Superkubok oyunu təşkil edildi. Amma bir dəfə. 2013-cü il oktyabırn 23-də Naxçıvanda çempion “Neftçi” ilə çempionatın gümüş mükafatçı “Xəzər Lənkəran” üz-üzə gəldi. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüş cənub təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatdı. Bu görüş sonuncu Azərbaycan Superkuboku kimi tarixə düşdü.

 

Bəhanənin biri “1 qəpikdən”

Həmin dövrdən sonra Superkubokun keçirilməməsi üçün müxtəlif bəhanələr səsləndi. Bu mənada ən gülməli bəhanə AFFA prezidenti Rövnəq Abdullayevin açıqlaması olmuşdu. O, mətbuata Superkubok görüşünə marağın az olduğunu söyləmişdi. Sanki Azərbaycan çempionatında hər oyunda anşlaq yaşanır, amma heç kim bu oyuna diqqət ayırmır. Abdullayev fikrinə bu cümlə ilə yekun vurmuşdu: “Belə yarışdansa, 17 yaşlılar arasında turnir keçirmək daha məqsədəuyğun olar”.

 

Təbii ki, Superkubok oyunun təşkil olunmamasına səbəb futbol həvəskarlarının oyuna marağının az olması deyildi. Hər nə qədər Peşəkar Futbol Liqası mövsümün startında belə bir oyunu keçirməyə çalışsa da, təqvimin sıxlığı və həmin ərəfədə komandaların avrokuboklarda iştirakı buna mane olurdu. Hətta bir ara komandalar Türkiyədə təlim-məşq toplanışında olarkən bu görüşü qardaş ölkədə təşkil etmək təklif olunmuşdu. Amma yenə də bunu həyata keçirmək mümkün olmamışdı.

 

Əslində, Türkiyə variantı bir qədər kövrək ideyaya bənzəyirdi. Çünki hər komanda Türkiyəyə yollana bilmir. Tutaq ki, “Sumqayıt” möcüzə göstərib Azərbaycan kubokunu qazandı. Amma vəziyyət elə gətirir ki, maliyyə səbəbindən qardaş ölkədə təlim-məşq toplanışına yollana bilmir. Və ya klublar toplanış üçün fərqli ölkəni seçir. Necə ki, “Qarabağ” Avstriyaya, “Sabah” Bolqarıstana, daha bir neçə klub Gürcüstana yollanmışdı. Bəs onda?

 

Hə, burada qış variantı ortaya çıxır. Elədir ki var, yayda klubların avrokuboklarda oyunları qitəmiqyaslı yarışlara hazırlıq məqsədi ilə problemə çevrilə bilər. Əslində, bu da gülməlidir və buna bir qədər sonra qayıdacağıq. Məsələ ondadır ki, Superkubok oyununu qışda Türkiyədə yox, elə Bakıda, Qəbələdə, Şamaxıda və ya Naxçıvanda təşkil etmək olar. Vacib deyil ki, komandalar bu görüşə Türkiyədə çıxsın. Bu oyunun ləzzətinin məhz mövsümün startı ərəfəsində olmasını söyləyənlər varsa, bu da tam olaraq keçərli fikir deyil.

 

Məsələ ondadır ki, İspaniya Superkuboku oyunu mövsümün ortasında keçirilir. Özü də ispanlar 2 yox, 4 komanda arasında belə bir yarış təşkil edir. Hələ nəzərə alaq ki, onlar sıx təqvimin içindən “sürüşərək” ərəb ölkələrinə yollanırlar. Bizim klublar ispanlar qədər təqvimdən şikayətlənə bilməz.  O ki qaldı avrokuboklardakı oyuna, Avropa klubları da həmin ərəfədə avrokuboklara hazırlaşır. Doğrudur, onlar bir qədər növbəti mərhələlərdə mübarizəyə qoşulur. Amma bir oyun nə qədər komandanın qitəmiqyaslı yarışlarda çıxışına mane ola bilər ki? Eləyə qalsa, çempionat oyunları da avrokuboklardakı hazırlığa mane olur. Əlbəttə, onların da təxirə salındığı vaxtları görmüşük. Amma görünən odur ki, artıq bu təxirəsalınmalardan da artıq istifadə olunmur. Mövsümün təntənəli açılışı üçün bayram əhval-ruhiyyəli bir oyunu əsassız bəhanələrə qurban vermək olmaz.

 

Avropa “lüt”lərinə baxaq, utanaq!

Əslində, Superkubokun ləğv olunmasının səbəblərindən biri kimi futbolumuzda maliyyə problemlərinin yaşanmasını göstərmək olar. Daha klublar şabaş kimi pulları havaya səpələyə bilmir. Futbolumuzdakı sponsor probleminə görə əksər komandaları himayəyə götürməklə özünü xeyriyyəçi bir təşkilat kimi qələmə verən AFFA rəhbərliyinin Superkuboku keçirmək hayında olmadığı məlum məsələ idi. Amma ümid edirik ki, AFFA və PFL-də rəhbər postlarda baş verən dəyişikliklər qarşıdakı illərdə Superkubokun yenidən təşkilinə şərait yaradacaq.

 

Təsəvvür edin ki, 1996-cı ildən bəri arada qısa fasilələri nəzərə almasaq, Gürcüstan Superkuboku keçirilir. 21 dəfə təşkil olunan yarışda bugünə qədər Tiflis “Dinamo”su 8 dəfə mükafata sahib çıxıb.  Hələ biz “acından ölən” Ermənistanda bugünə qədər 24 dəfə baş tutmuş Superkubok oyunundan danışmırıq.

 

Ümumiyyətlə, Avropaya nəzər salmalı olsaq, hətta San Marinoda Superkubok oyununun keçirldiyini görərik. Maddi vəziyyətinə görə bizdən qat-qat kasıb dövlətlər bu oyunu təşkil edir, bizim bəhanələrimizə bax. Məgər bizim kimi digər postsovet ölkələrinin komandaları avrokuboklara hazırlaşmır? Yoxsa, onların təqvimlərində boşluqlar var? Məlum məsələdir ki, iş “sosiska”da deyil, əsas diqqətdədir. Klub daha çox ölkə çempionluğu və kubokuyla öyünür, Superkubok komandaya o qədərdə başucalığı gətirmir. Amma mövsümü gözəl şəkildə azarkeşə təqdim etmək lazımdır. “Superkubok lazım deyil” deyə özümüzü ağıllı göstərməyə dəyməz.

 

FƏRİD

Azərbaycan Superkuboku - Futbolinfo.az
- Futbolinfo.az
showpic el1002 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp